YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri hazırda ölkə mətbuatında geniş müzakirə edilir. Bu səfər ölkəmizin Cənub-Şərqi Asiya ilə münasibətlərinin inkişafında yeni mərhələ kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında “Əminəm ki, səfəriniz çox səmərəli və Sizin üçün xoş olacaqdır. Siz Azərbaycanda bir neçə gün keçirəcəksiniz və qarşıdakı günlərdə AQEM-in Zirvə görüşündə də iştirak edəcəksiniz. Sizin bu tədbirdə şəxsən iştirakınız bizim üçün böyük şərəfdir” müraciətini edərək bu məqamı da xatırlatdı ki, 12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq.

Kambocanın Baş nazirinin səfəri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlu nəticələrini bir daha nümayiş etdirdi. Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlər qurması yeni dostlar qazanmasında, həmçinin  mövcud tərəfdaşlarla  yeni istiqamətlər üzrə əlaqələrini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin KambocanınBaş naziri ilə geniş tərkibdə görüşündə qeyd etdiyi kimi, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.

Hər iki ölkə parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirir. Parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.

Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır. Cənab İlham Əliyev bu məqamı da qeyd etdi ki, biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.

Digər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etdi. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Böyük Qayıdış Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Prezident İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.