Xəbərlər
YAP Zərdab rayon təşkilatının təsis olunmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirlib
Avqustun 14-də Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Zərdab şəhər Heydər Əliyev parkında müstəqil Azərbaycan Respublikasının memarı, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə YAP Zərdab rayon təşkilatının yaradılmasının 33-cü illiyi münasibəti ilə iştirakçıları təbrik edərək, səmimi arzularını çatdırdı. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası ötən dövr ərzində Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal və aparıcı mövqe tutaraq, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, siyasi sabitliyin və milli həmrəyliyin təmin olunmasına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə mühüm töhfələr verib. Qeyd olundu ki, hazırda regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası Prezident, Partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yarandığı gündən qarşısına qoyduğu tarixi vəzifəni layiqincə yerinə yetirir, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpasından sonra bölgənin inkişafı, iqtisadi tərəqqi, güclü ordu və sosial rifah siyasətini uğurla həyata keçirir.
Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxış edərək müstəqilliyin ilk illərində, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin milli dövlətçilik ideyalarının qorunması və Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıdığını bildirdi. Diqqətə çatdırıldı ki, dünənin şərəfli tarixi, bu günün uğurları və gələcəyin parlaq hədəfləri ilə xalqımızın inam ünvanına çevrilmiş, hər zaman milli maraqların, dövlətçilik ideyalarının keşiyində dayanan Yeni Azərbaycan Partiyasının fəaliyyəti cənab İlham Əliyevin sədrliyi ilə qazanılan zəfərlərlə yanaşı gələcəyin böyük hədəflərini də əhatə edir. Vurğulandı ki, Partiyanın Zərdab rayon təşkilatı hər zaman Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin təbliği və təşviqi, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin ictimaiyyətə çatdırılması və təbliğ olunması, rayon sakinləri arasında Partiyaya olan etimadın daha da artırılması, gənclər arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin yad olunması və onların həyat yolunun təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Daha sonra YAP Zərdab rayon təşkilatının veteranı Qafur Məmmədov, gənc müəllim Cəmalə Bədəlova çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi uğurlu tərəqqi yolundan, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilməsindən, rayon təşkilatının ictimai-siyasi həyatda fəal rolundan danışdılar.
Tədbirdə yubiley yaşı olan Partiya veteranları və ərazi partiya təşkilatı sədrlərinə, o cümlədən fəaliyyətlərinə görə fərqlənənlərə təşəkkürnamə və xatirə hədiyyələri, üzvlüyünə yeni qəbul olunanlara isə vəsiqələr təqdim olundu.
