YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi başa çatıb

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi başa çatıb.

Gəncə İdman Sarayında keçirilən bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, YAP Mərkəzi Aparatının Təşkilat və Gender siyasəti və gənclərlə iş şöbələrinin baş məsləhətçiləri Araz Salmanov və Günel Məmmədova çıxış ediblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə aşılanması Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərindəndir. Bildirilib ki, bu cür layihələr gənclərin intellektual potensialının inkişafına, onların vətənpərvərlik ruhunda formalaşmasına, həmçinin müxtəlif regionlardan olan gənclər arasında əlaqələrin möhkəmlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verir.

Layihə çərçivəsində təşkil olunan intellektual yarışların, təlimlərin və interaktiv görüşlərin iştirakçıların nəzəri biliklərinin artırılmasına, komanda işi bacarıqlarının inkişafına və liderlik keyfiyyətlərinin formalaşmasına xidmət etdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, “Heydər Əliyev məktəbi” layihəsinin əsas məqsədlərindən biri gənclərə Azərbaycanın zəngin şəhərsalma və memarlıq ənənələri barədə məlumat vermək, onları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri ilə yaxından tanış etməkdir. Eyni zamanda, Heydər Əliyev ideyalarına sadiq, müasir dövlətçilik düşüncəsinə malik və ölkənin gələcək inkişafında fəal iştirak etməyə hazır olan təşəbbüskar gənclərin üzə çıxarılması layihənin əsas hədəflərindəndir.

Layihə iştirakçıları Əliheydər Qurbanlı, Altay Cəfərli, Gülnar Əlizadə, İbrahim Cəfərov, Cəmilə Hüseynova və digərləri düşərgə barədə təəssüratlarını bölüşüblər.

Daha sonra “Heydər Əliyev məktəbi” layihəsinin iştirakçılarına sertifikatlar, intellektual yarışlarda qələbə qazanan komandalara xatirə kubokları verilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.