Xəbərlər
Nizami rayonunda keçirilən “Yay məktəbi” davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gəncləri və könüllülərinin birgə təşkil etdiyi “Yay məktəbi” davam edir.
Layihənin iştirakçılarının YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə görüşləri keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov “Yay məktəbi” layihəsinin məqsədi və fəaliyyəti barədə iştirakçılara məlumat verib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu müasir dövrün çağırışları, qlobal tendensiyalar və gənclərin qarşısında duran vəzifələr barədə danışıb.
O bildirib ki, bəşəriyyət tarixinin ən sürətli texnoloji dəyişikliklərindən biri yaşanır və süni intellekt artıq gələcəyin deyil, bu günün reallığıdır. Qeyd edib ki, bu texnologiyalar təhsil, səhiyyə, biznes, kənd təsərrüfatı, dövlət idarəçiliyi və digər sahələrə ciddi təsir göstərir.
Hikmət Babaoğlu vurğulayıb ki, belə bir dövrdə gənclərin bilik və bacarıqlarını daim inkişaf etdirməsi, yeniliklərə açıq olması və müasir çağırışlara uyğun formalaşması mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı gənclərlə görüşdə yaradıcılıq fəaliyyəti, yeni əsərləri və ədəbi planları barədə danışıb. O, gənclərin mütaliəyə marağının artırılmasının, dünyagörüşlərinin genişləndirilməsinin və daim öz üzərlərində çalışmalarının vacibliyini vurğulayıb.
Yazıçı əsərləri, yaratdığı obrazlar və qəhrəmanların prototipləri haqqında iştirakçılara məlumat verib.
Görüşlər zamanı gənclərin sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yay məktəbi”nin iştirakçıları SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda da olublar. Onlara zavodun fəaliyyəti, istehsal prosesləri və həyata keçirilən modernləşmə tədbirləri barədə məlumat verilib.
Bildirilib ki, 1953-cü ildə yaradılmış Neft Emalı Zavodunun modernləşdirilməsi nəticəsində illik emal gücü 7,5 milyon tona çatdırılıb. Zavodda istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartlarına uyğunlaşdırılıb, bazarın tələbatına uyğun olaraq Aİ-92, Aİ-95 və Aİ-98 markalı benzinlərin istehsalı həyata keçirilir.
