Xəbərlər
YAP Lənkəran və Salyan rayon təşkilatlarının birgə təşkilatçılığı ilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran və Salyan rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Lənkəran şəhərində “Gənc fəallar arasında operativ məlumat mübadiləsi və peşəkar əlaqələrin qurulması” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hər iki rayon təşkilatının əməkdaşları və fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra qonaqlar Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, General Həzi Aslanovun Ev-Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi (Xan Evi), “Dairəvi Qala” və şəhərin digər tarixi-memarlıq abidələri ilə tanış olublar.
Ziyarət zamanı iştirakçılara Lənkəranın zəngin tarixi-mədəni irsi, memarlıq ənənələri və şəhərsalma xüsusiyyətləri barədə məlumat verilib.
Proqram çərçivəsində tədbir iştirakçıları, həmçinin Xanbulan gölü ətrafındakı istirahət məkanlarında və Hirkan Milli Parkında olublar.
Tədbir YAP Lənkəran rayon təşkilatında davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev müasir dövrdə informasiya resurslarının səmərəli istifadəsinin, operativ məlumat mübadiləsinin və peşəkar əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
O bildirib ki, partiya təşkilatları arasında təcrübə mübadiləsi, bilik və bacarıqların paylaşılması, əməkdaşlığın genişləndirilməsi və gənclərin təşkilati fəaliyyətə daha fəal cəlb olunması baxımından bu cür tədbirlər xüsusi əhəmiyyət daşıyır.
İqbal Əmənullayev qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlər gənclərin milli memarlıq irsi, müasir şəhərsalma prinsipləri və şəhər mühitinin qorunması istiqamətində maarifləndirilməsi baxımından mühüm rol oynayır.
YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov qeyd edib ki, belə görüşlər təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsinə, iş prosesinin daha səmərəli qurulmasına, yeni yanaşmaların və müasir fəaliyyət metodlarının öyrənilməsinə mühüm töhfə verir.
O vurğulayıb ki, son illərdə informasiya və kommunikasiya sahəsində həyata keçirilən islahatlar, media fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi və dövlət kommunikasiya siyasətinin müasir çağırışlara uyğun qurulması istiqamətində mühüm nəticələr əldə olunub.
Elmar Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə müasir şəhərsalma siyasətinə, memarlıq irsinin qorunmasına və yaşayış məntəqələrinin davamlı inkişafına verilən önəmin göstəricisidir.
Tədbirdə çıxış edən YAP Lənkəran və Salyan rayon təşkilatlarının əməkdaşları və fəalları belə görüşlərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının artırılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
