Xəbərlər
Nizami rayonunda “Yay məktəbi”nin iştirakçıları üçün silsilə təlimlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gəncləri və könüllülərinin birgə təşkil etdiyi “Yay məktəbi” çərçivəsində iştirakçılar üçün maarifləndirici və praktiki təlimlər təşkil olunub.
İştirakçılar ilk olaraq mütəfəkkir Lütfi Zadənin adını daşıyan “LTC LAB Academy”də olublar. İştirakçılar burada süni intellekt mühəndisliyi, Java proqramlaşdırma, data analitikası, rəqəmsal marketinq və digər istiqamətlər üzrə yaradılmış tədris infrastrukturu ilə tanış olub, nəzəri və praktiki biliklərin mənimsənilməsi üçün mövcud imkanlar barədə məlumat əldə ediblər.
Daha sonra proqramlaşdırma və NVIDIA sertifikatlı süni intellekt mütəxəssisi Ramin Səfərov və rəqəmsal inkişaf mütəxəssisi Mirnadir Seyidzadə tərəfindən “Süni intellekt və gənclər: strategiyadan real bacarıqlara” mövzusunda təlim keçirilib.
Təlim zamanı gənclərə süni intellekt texnologiyaları üzrə ilkin biliklər, gündəlik təhsil və peşə fəaliyyətində tətbiq oluna biləcək rəqəmsal bacarıqlar, media savadlılığı, rəqəmsal məkanda məsuliyyətli davranış prinsipləri, həmçinin ölkənin rəqəmsal transformasiya prosesində gənclərin rolu barədə nəzəri və praktiki məlumatlar təqdim edilib. Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
“Yay məktəbi”nin növbəti təlimi Veysəloğlu Şirkətlər Qrupunda keçirilib. Tədbirdə şirkətin Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova, Mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli, “Ulduz” Şokolad Fabrikinin İdarə Heyətinin üzvü Türkan Həsənova, “Veysəloğlu Distribusiya”nın Korporativ Kommunikasiya şöbəsinin müdiri Zərri Allahverdi, Adilə Məmmədova və digər nümayəndələr çıxış edərək şirkətin fəaliyyət istiqamətləri, istehsal imkanları, korporativ dəyərləri və gənclər üçün karyera perspektivləri barədə ətraflı məlumat veriblər.
Görüş çərçivəsində şirkətin 30 illik inkişaf yolunu əks etdirən təqdimatlar nümayiş etdirilib, interaktiv sessiyalar zamanı korporativ mühit, komanda ruhu və əməkdaşların peşəkar inkişafına verilən önəm haqqında ətraflı məlumat təqdim olunub.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov gənclərin ölkənin aparıcı şirkətləri ilə yaxından tanış olmasının onların peşə seçimi, dünyagörüşünün formalaşması və gələcək karyera planlaması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Yay məktəbi” çərçivəsində daha bir təlim “Balıqlı göl” istirahət mərkəzində təşkil edilib. Azərsun Holdinqin Sun Food MMC-nin marketinq direktoru Səadət Alıkişiyeva “Liderlik”, Kağız və Karton İstehsalat Korporasiyası MMC-nin şöbə müdiri Bahadur Məmmədov isə “Qida istehsalı müəssisələrinin tanıtımı” mövzusunda təqdimatlarla çıxış ediblər. Təlimlər zamanı iştirakçılar müəssisələrin fəaliyyət istiqamətləri, istehsal sahələri, insan resurslarının inkişafı və peşəyönümü sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumatlandırılıblar.
“Yay məktəbi”nin yekun təlimi YAP Nizami rayon təşkilatında keçirilib. Təlimi aparan rayon təşkilatının sədri Ramil Vəlibəyov “Siyasi partiyalar və siyasi kampaniyalar” mövzusunda təqdimatla çıxış edib.
