Xəbərlər
Beyləqanda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı tərəfindən 14 iyul 1969-cu il - Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində rayonun gənc partiya fəallarının iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində gənc partiya fəalları Ümummilli Liderin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti əhatə edən eksponat və fotostendlərlə tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən natiqlər 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin ölkənin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasəti, qətiyyətli idarəçilik bacarığı və milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Azərbaycanın sosial-iqtisadi, elmi və mədəni inkişafı üçün möhkəm təməl yaradılıb.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Vurğulanıb ki, müasir Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası və tarixi Zəfər məhz həmin strateji inkişaf kursunun məntiqi nəticəsidir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
