Xəbərlər
Azərbaycanda rəqəmsal transformasiya prosesi: vətəndaş mərkəzli yanaşma və innovativ həllər
Heydər Əsədov
Milli Məclisin deputatı
Azərbaycanda rəqəmsal inkişaf sahəsində həyata keçirilən islahatlar ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının ən mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş yeni inkişaf prioritetləri dövlət idarəçiliyinin müasirləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, innovasiya əsaslı inkişaf modelinin formalaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli təşkili üçün möhkəm zəmin yaradıb. Bu baxımdan, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin rəqəmsal transformasiyasını vahid strateji yanaşma əsasında həyata keçirməyə imkan verən mühüm sənəddir. Rəqəmsal İnkişaf Şurasının yaradılması isə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və innovasiya ekosisteminin inkişafı baxımından mühüm institusional addımdır.Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurası ölkənin rəqəmsal transformasiyasının koordinasiyasında mühüm rol oynayır. Şuranın ilk iclasında Fəaliyyət Planının icra vəziyyətinin, qanunvericilik islahatlarının, süni intellekt, kibertəhlükəsizlik və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlərin geniş şəkildə müzakirə olunması, qarşıya konkret hədəflərin qoyulması göstərir ki, bu sahədə həyata keçirilən islahatlar sistemli və ardıcıl xarakter daşıyır. Mehriban Əliyevanın rəhbərliyi ilə formalaşdırılan koordinasiya mexanizmi dövlət qurumlarının fəaliyyətinin uzlaşdırılmasına, innovasiya və texnologiya siyasətinin vahid platformada idarə olunmasına, investisiyaların təşviqinə və rəqəmsal inkişaf strategiyasının effektiv icrasına mühüm töhfə verir. Rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatların mərkəzində vətəndaş məmnuniyyətinin artırılması dayanır. “mygov” və “mygov Biznes” platformalarının inkişaf etdirilməsi nəticəsində dövlət xidmətləri vahid rəqəmsal mühitdə təqdim olunur, müxtəlif dövlət qurumlarının informasiya sistemləri mərhələli şəkildə inteqrasiya edilir. Bu yanaşma vətəndaş-məmur təmasını minimuma endirməklə yanaşı, xidmətlərin daha operativ, şəffaf və rahat şəkildə göstərilməsini təmin edir. Proaktiv xidmətlərin genişləndirilməsi və “Yalnız bir dəfə” prinsipinin tətbiqi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Artıq bir sıra sosial xidmətlər vətəndaşın əlavə müraciəti olmadan təqdim edilir, yaxın perspektivdə isə bu yanaşmanın daha geniş sahələri əhatə etməsi nəzərdə tutulur. Son aylarda “mygov” platformasının istifadəçi sayının 30 faiz artaraq 3,5 milyona çatması cəmiyyətin rəqəmsal xidmətlərə artan etimadının və islahatların real nəticələrinin göstəricisidir.
Mühüm istiqamətlərdən biri də Milli Məlumat Hövzəsinin yaradılmasıdır. Dövlət informasiya sistemlərində mövcud məlumatların vahid platformada toplanması, onların analitik emalı və süni intellekt texnologiyalarının tətbiqi gələcəkdə vətəndaşlara daha fərdiləşdirilmiş və qabaqlayıcı dövlət xidmətlərinin göstərilməsinə imkan verəcək. Bu, dünyanın qabaqcıl rəqəmsal dövlət idarəçiliyi modellərinə uyğun yanaşmadır. İnnovasiya sahəsində nəzərdə tutulan qanunvericilik islahatları Azərbaycanın texnologiya və innovasiya mərkəzinə çevrilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır. Vençur kapitalı fondlarının fəaliyyətinin hüquqi əsaslarının yaradılması, “mələk investorlar” institutunun formalaşdırılması, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi, tədqiqat və inkişaf fəaliyyətinin stimullaşdırılması, startapların dövlət satınalmalarında iştirak imkanlarının genişləndirilməsi və “Rəqəmsal səyyah” vizasının tətbiqi ölkəmizin innovasiya potensialını daha da gücləndirəcək. Bu islahatlar həm yerli sahibkarlar, həm də xarici investorlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına xidmət edir.
Süni intellekt artıq bütün dünyada inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur və Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. "mygov" platformasında virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, müxtəlif dövlət qurumlarında süni intellekt əsaslı həllərin tətbiqi, milli hesablama infrastrukturunun yaradılması və tənzimləyici test mühitinin formalaşdırılması ölkəmizin bu sahədə qlobal texnoloji çağırışlara adekvat cavab verdiyini göstərir. Ən vacib məqamlardan biri isə süni intellekt texnologiyalarının tətbiqində milli maraqların, məlumat təhlükəsizliyinin və rəqəmsal suverenliyin əsas prinsip kimi götürülməsidir.Rəqəmsal transformasiyanın uğuru güclü kibertəhlükəsizlik sistemi olmadan mümkün deyil. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin və Milli CERT-in fəaliyyətə başlaması, kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsi, dövlət informasiya sistemlərinin Hökumət Buludu platformasına köçürülməsi və süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi ölkəmizin rəqəmsal təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu tədbirlər həm dövlət qurumlarının, həm də vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Təhsil sahəsində həyata keçirilən rəqəmsal transformasiya da xüsusi əhəmiyyət daşıyır. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri yüz minlərlə şagirdin müasir bilik və bacarıqlara yiyələnməsinə imkan yaradır. Elektron təhsil xidmətlərinin genişləndirilməsi, təhsil sənədlərinin rəqəmsallaşdırılması və gələcəkdə süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə imkanlarının tətbiqi insan kapitalının inkişafına verilən önəmin göstəricisidir. Çünki rəqəmsal iqtisadiyyatın əsas resursu məhz yüksək ixtisaslı insan kapitalıdır. Bu gün həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı yalnız texnoloji yenilənmə kimi deyil, dövlət idarəçiliyinin yeni inkişaf modeli kimi qəbul edir. Dövlət xidmətlərinin daha əlçatan olması, innovasiya mühitinin gücləndirilməsi, süni intellekt texnologiyalarının geniş tətbiqi, kibertəhlükəsizliyin möhkəmləndirilməsi və insan kapitalına yönəlmiş siyasət ölkəmizin rəqəmsal gələcəyinin etibarlı təməlini formalaşdırır. Əminik ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən koordinasiyalı fəaliyyətin nəticəsində bu islahatlar Azərbaycanın rəqəmsal suverenliyinin daha da möhkəmlənməsinə, beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsinə və ölkəmizin regionun aparıcı rəqəmsal inkişaf və innovasiya mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək.
