Xəbərlər
Gəncədə şəhid övladları üçün “Yay məktəbi” layihəsinə start verilib
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı tərəfindən şəhid övladları üçün “Yay məktəbi” layihəsinə start verilib.
Layihənin əsas məqsədi şəhid övladlarının asudə vaxtının səmərəli təşkili, onların mənəvi-psixoloji inkişafının dəstəklənməsi, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və sosial inteqrasiyasına töhfə verməkdir.
“Yay məktəbi”nin ilk günü iştirakçılar Gəncə Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə, Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzüblər.
Daha sonra şəhid övladları üçün xalqımızın yaddaşında silinməz iz qoymuş hadisələrin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyan Gəncə Memorial Kompleksinə ziyarət təşkil olunub. Kompleks önünə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Ziyarət zamanı iştirakçılara Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinə raket hücumları nəticəsində dinc əhali arasında törətdiyi ağır faciələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gəncə Memorial Kompleksi həmin hücumlar zamanı həlak olmuş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.
Şəhid övladları Memorial Kompleksin tərkibində fəaliyyət göstərən muzeyi də ziyarət ediblər. Onlar muzeyin “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş ekspozisiya zalları ilə yaxından tanış olublar.
“YAP Gəncə şəhər təşkilatının qərargahında isə şəhid övladları “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional filialının mütəxəssisləri tərəfindən keçirilən psixoloji dəstək və maarifləndirici təlimlərdə iştirak ediblər.
Beş gün davam edəcək layihə çərçivəsində iştirakçılar üçün müxtəlif mövzularda təlimlər, maarifləndirici seminarlar, intellektual oyunlar və sosial-inkişaf proqramları təşkil olunacaq. Eyni zamanda, uşaqlar Gəncənin tarixi-mədəni abidələrini və muzeylərini ziyarət edəcək, CineMastercard kinoteatrlar şəbəkəsinin Gəncə filialı, Gəncə MALL ticarət və istirahət mərkəzi, eləcə də Gəncland Ailəvi İstirahət və Əyləncə Kompleksi tərəfindən təşkil olunan müxtəlif əyləncə proqramlarında iştirak edəcəklər.
