Xəbərlər
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
Dekabrın 21-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kerbi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesi barədə bəyanat verib. O, ötən həftə Berndə Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən danışaraq qeyd edib ki, Sammit prezidentlərə il ərzində ilk dəfə üzbəüz görüşmək və mövqeləri aydınlaşdırmaq imkanı yaradıb.
C.Kerbi deyib ki, prezidentlər münaqişə zonasında vəziyyətin pisləşməsi faktını etiraf edib və dinc əhali arasında itkilərə dair narahatlıq bildiriblər. Prezidentlərin xahişinə əsasən Minsk qrupunun həmsədrləri güc işlədilməsinə yenidən başlanması riskinin azaldılması istiqamətində təkliflər üzərində işi davam etdirəcəklər. Həmsədrlər, həmçinin gələn il münaqişənin tənzimlənməsi istiqamətində müzakirələrin davam etdirilməsi üçün prezidentlərin yeni görüşünün keçirilməsini dəstəkləməyə hazır olduqlarını bildiriblər. ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib: “Birləşmiş Ştatlar həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində vasitəçiliyə sadiqliyini saxlayır”.
C.Kerbi əlavə edib ki, ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri güc işlədilməsinə yenidən başlanması riskinin azaldılması istiqamətində bütün tədbirlərin rusiyalı və fransalı həmkarları ilə müzakirəsini davam etdirir. O, münaqişə zonasında gərginliyin azaldılması metodlarından danışaraq, bu işdə xüsusilə Dağlıq Qarabağ regionunun nəsillikcə bir yerdə yaşamış erməni və azərbaycanlı icmalarının nümayəndələri arasında xalq diplomatiyasının mühüm rolunu qeyd edib. ABŞ-da inanırlar ki, sülhün yaranması üçün hər iki icma yenidən bir-birinə etibar etməyi bacaracaq. ABŞ regionda sülh və təhlükəsizlik naminə tərəflərin qəbul edə biləcəyi və müvafiq olaraq icra edəcəyi təkliflərin verilməsini istəyir.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələri tərəfindən 1992-1994-cü illərdə işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisində beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.