YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər və Qələbələr partiyası

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, yenicə siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Hər kəsə bəllidir ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdı, həmin dövrdə özünün nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydaları və formalarını müəyyənləşdirdi, müxalifətçiliyin nə demək olduğunu cəmiyyətə nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası göstərdi ki, müxalifətçilik xalqa, dövlətə qarşı olmaq deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi ideyalarla çıxış etmək, cəmiyyətin və ölkənin inkişafı üçün milli maraqlara əsaslanaraq fəaliyyət göstərməkdir.

Ümummilli Lider Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradılanda necə böyük əminliklə  “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır” bəyan etmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Azərbaycan dünyaya Günəş kimi doğacaq” əminliyini ifadə etdi. Ulu öndər Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının  bugünkü həyatında, inkişafında öz sözünü deyir. Ümummilli Lider 2003-cü ildə növbəti inamın və etimadın ünvanını göstərərkən   cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını  nəzərdə tutmuşdu.

2003-cü ildə Prezident seçkilərində cənab İlham Əliyevin hakim partiyanın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı. 2005-ci ildə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin regionun ən güclü siyasi təşkilatı Yeni Azərbaycan Partiyasına  Sədr seçilməsi partiyanın həyatında böyük tarixi hadisə oldu.

2021-ci il martın 5-də partiyanın keçirilən VII qurultaydan sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. Bu gün Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

44 günlük vətən müharibəsində Müzəffər Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yolunda bir çox qəhrəman vətəndaşlarımız kimi Yeni Azərbaycan Partiyası üzvlərinin də sücaət göstərmələri sübut etdi ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Bu nailiyyətlərin, uğurların qazanılmasına səbəb Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə yüksək tribunalardan səsləndirildiyi kimi, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcək. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyası sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır. Bu gün partiyamızın gücü Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin  layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır.

Yeni Azərbaycan Partiyası istər Ulu Öndər Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsi yolunda şərəfli bir yol keçmiş partiyadır. Bu gün də  ənənə davam edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasi kurs dövlətimizi gücləndirir, xalqımızın xoşbəxt və firavan yaşamasını təmin edir, Yeni Azərbaycan Partiyasını ölkənin və regionun ən güclü partiyasına çevirir.