Xəbərlər
Müzəffər ordu Azərbaycan Ordusudur
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycanın hər sahədə qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışı dövründə Azərbaycan Ordusunun vəziyyətini təsəvvür etmək belə mümkün deyildi. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır” söyləyən Ulu Öndər hakimiyyətə qayıdışı ilə ilk apardığı islahatların ordu quruculuğu ilə bağlı olması təsadüfi deyildi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işlər qısa müddətdə uğurlu nəticəsini verdi. Qarabağ münaqişəsinin istənilən yolla həllindən bəhs edərkən təbii ki, problemin nizamlanmasında möhkəm hüquqi bazanın mövcudluğu ilə yanaşı, ordumuzun gücünə də əminlik ifadə olunurdu. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar və uğurlu nəticələr göz önündədir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab İlham Əliyevin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü göstərdi. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
Ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.
44 günlük İkinci Qarabağ müharibəsində, bir günlük antiterror tədbirlərində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlərə imza atdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, torpaq həsrətinə son qoyulması, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrası ölkəmizin malik olduğu imkanların dünyaya təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur: “Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
