Xəbərlər
Tərtərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında 1 İyun - Beynəlxalq Uşaqlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, eləcə də şəhid və qazi övladları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov uşaqları Beynəlxalq Uşaqlar Günü münasibətilə təbrik edib. O bildirib ki, 1 İyun yalnız bayram günü deyil, həm də uşaqlara göstərilən dövlət qayğısının və onların hüquqlarının qorunmasına verilən önəmin ifadəsidir. Eldar Əsədov vurğulayıb ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin və qəhrəman qazilərimizin övladları cəmiyyətimiz üçün xüsusi dəyərə malikdir. Onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi, sosial rifahının təmin olunması hər bir vətəndaşın mənəvi məsuliyyətidir.
Rayon təşkilatının sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası tərəfindən bu istiqamətdə mütəmadi olaraq müxtəlif sosial layihələr həyata keçirilir, şəhid ailələrinin övladlarının təhsili, sosial müdafiəsi və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Daha sonra çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları bayram münasibətilə təbrik edərək onlara xoşbəxt gələcək arzulayıb. O bildirib ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların yüksək standartlar əsasında böyüməsi, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda tərbiyə olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Müstəqim Məmmədov bu sahədə həyata keçirilən tədbirlərin ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirin bədii hissəsində uşaqlar tərəfindən şeirlər səsləndirilib, maraqlı çıxışlar təqdim olunub.
Daha sonra YAP Tərtər rayon təşkilatı tərəfindən uşaqlara bayram hədiyyələri təqdim edilib.
