Xəbərlər
Aqrar siyasətin uğurlu nəticələri: kənd təsərrüfatında yeni inkişaf mərhələsi
Nurlan Həsənov
Milli Məclisin deputatı
Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sahənin milli iqtisadiyyatın prioritet istiqamətlərindən biri olduğunu bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı, regionların sosial-iqtisadi dirçəlişi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kəndlərdə məşğulluğun artırılması və investisiya imkanlarının genişləndirilməsi kimi mühüm məsələləri əhatəli şəkildə təhlil edib. Aqrar sektorun inkişafı yalnız iqtisadi məsələ deyil, həm də sosial sabitliyin, regional tarazlığın və milli təhlükəsizliyin əsas elementlərindən biridir.
Kənd təsərrüfatına diqqət uzun illərdir ki, sistemli şəkildə davam etdirilir. Hələ 2004-cü ildə qəbul edilən ilk regional inkişaf proqramı bölgələrin sosial-iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, kənd təsərrüfatının inkişafı üçün də möhkəm baza yaradıb. Sonrakı illərdə qəbul olunan bir neçə regional inkişaf proqramı kəndlərdə infrastrukturun yenilənməsinə, yolların çəkilməsinə, elektrik, qaz və su təminatının yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına və kənd əhalisinin rifahının yüksəlməsinə mühüm töhfə verib. Bu siyasətin əsas məqsədi bölgələrdə yaşayış üçün daha əlverişli şərait formalaşdırmaq, insanların doğma torpaqlarında yaşayıb fəaliyyət göstərməsini təmin etmək idi.
Dünyada genişmiqyaslı urbanizasiya prosesi müşahidə edilir və bu meyl bir çox dövlətlər üçün ciddi çağırış hesab olunur. Bu baxımdan qarşıya qoyulan əsas hədəf kəndlə şəhər arasındakı fərqlərin minimuma endirilməsi, kəndlərdə xidmət sektorunun inkişaf etdirilməsi, turizm və ənənəvi təsərrüfat fəaliyyətlərinin genişləndirilməsidir. Məqsəd odur ki, kəndlərdən şəhərlərə deyil, əksinə, şəhərlərdən kəndlərə qayıdış prosesi formalaşsın.
Dövlətimizin başçısı kənd təsərrüfatının inkişafında subsidiyaların və dövlət dəstəyinin rolunu da qeyd edib. Genişmiqyaslı subsidiya mexanizmlərinin tətbiqi baxımından Azərbaycan dünyada nadir təcrübəyə malik dövlətlər sırasındadır. Gübrə və yanacaq güzəştləri, güzəştli kreditlər, texniki dəstək və fermerlərə metodik tövsiyələrin verilməsi aqrar sektorun dayanıqlı inkişafına xidmət edir. Bu dəstək mexanizmləri kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, fermerlərin maddi imkanlarının genişlənməsinə və daxili bazarın yerli məhsullarla təmin edilməsinə mühüm təsir göstərir.
Müşavirədə səsləndirilən statistik göstəricilər aqrar sahədə əldə olunan nailiyyətlərin real mənzərəsini ortaya qoyur. Tərəvəz istehsalı üzrə daxili tələbat 107 faiz səviyyəsində ödənilir və yüz minlərlə ton məhsul ixrac edilir. Meyvə və giləmeyvə sahəsində təminat səviyyəsi 140 faizə çatır. Bu sahədə ixrac imkanları əhəmiyyətli dərəcədə genişlənib və məhsullar beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırıb. Heyvandarlıq, quşçuluq və digər aqrar istiqamətlərdə də müşahidə olunan artım kənd təsərrüfatının iqtisadiyyatın dayanıqlı inkişafına mühüm töhfə verdiyini göstərir. Dövlətimizin başçısı qeyd etdiyi kimi, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir: “Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir”.
Heyvandarlıq və ərzaq məhsulları sahəsində də müsbət dinamika müşahidə edilir. Mal və quş əti, qoyun-keçi əti, yumurta, çay, un, şəkər və digər məhsullar üzrə daxili istehsal əhalinin böyük hissəsinin tələbatını ödəyir. Xüsusilə yumurta və şəkər istehsalında ixrac imkanlarının formalaşması aqrar sahənin rəqabət qabiliyyətinin yüksəldiyini göstərir. Bununla belə, bitki yağları, kərə yağı, balıq məhsulları və bəzi digər istiqamətlərdə idxaldan asılılıq hələ də qalmaqdadır. Dövlət başçısının investorlara ünvanladığı çağırışın əsas mahiyyəti də məhz bu sahələrdə istehsalın artırılmasına nail olmaqdır.
Azərbaycanın beynəlxalq nüfuzu və geniş əməkdaşlıq əlaqələri xarici şirkətlərin marağını artırır. Aqrar sektor isə investisiya üçün ən perspektivli istiqamətlərdən biri hesab olunur. Xarici investisiyalar yeni texnologiyaların tətbiqinə, müasir idarəetmə modellərinin gətirilməsinə və məhsuldarlığın yüksəlməsinə əlavə imkan yarada bilər.
Kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Aqrar sahənin gücləndirilməsi ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionların sosial-iqtisadi yüksəlişi, məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dövlət tərəfindən həyata keçirilən proqramlar, subsidiyalar, investisiya təşviqləri və yeni inkişaf strategiyası kənd təsərrüfatının daha yüksək mərhələyə qədəm qoymasına geniş imkanlar yaradır.
