Xəbərlər
"ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 200-dən çox xüsusi lisenziya verilib
Dekabrın 16-da İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı 5 saylı "ASAN xidmət" mərkəzində, Sumqayıt və Bərdə "ASAN xidmət" mərkəzlərində bina və qurğuların tikinti-quraşdırma işləri, dağ və buruq qazmalarının aparılması, dağ-mədən işləri, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, baytarlıq preparatlarının satışı, qiymətli metalların və qiymətli daşların dövriyyəsi, tibb və əczaçılıq fəaliyyətləri, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası), şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara lisenziyalar təqdim edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ümumiyyətlə, nazirlik tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 200-dən artıq xüsusi razılıq (lisenziya) verilib.
Xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddət ərzində baxılması, lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsindən razılıq edən sahibkarlar yaradılmış şəraitə, göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.