Xəbərlər
Rövşən Rzayev: Hər iki məruzədə birmənalı olaraq Ermənistanın işğalçı olduğu vurğulanır
Avropa Şurası Parlament Assambleyasının gələn il yanvarın 25-də keçiriləcək qış sessiyasında Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması və Sərsəng su anbarı ilə bağlı hazırlanmış məruzələr müzakirəyə çıxarılacaq. Bu barədə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov tərəfindən təşkilatın rəhbərliyinə 2 sənəd təqdim olunub.
«Bu sənədlər əsasında məruzəçilər təyin olunub. Sənədlərdən biri Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması, digəri isə Sərsəng su anbarı ilə bağlıdır. Məruzəçilərin yazdığı sənəd artıq hazırdır. Sənədlər noyabr ayında böyük səs çoxluğu ilə müvafiq komitələrdən keçib. Bir məruzəçi İngiltərədən, digəri isə Bosniya və Hersoqavinadandır. Hər iki məruzədə birmənalı olaraq Ermənistanın işğalçı olduğu vurğulanır və təxirə salınmadan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb edilir»- deyə, R.Rzayev qeyd edib.