Xəbərlər
Göygöldə partiya veteranları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının inzibati binasında yubiley yaşı tamam olan bir qrup partiya veteranı ilə görüş keçirilib.
Görüş zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvləri hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqlik nümayiş etdirir və partiyaya bağlılıqlarını əməli fəaliyyətləri ilə təsdiqləyirlər. O qeyd edib ki, partiya veteranları rayon təşkilatının fəaliyyətində, keçirilən tədbirlərdə, eləcə də rayonun ictimai-siyasi və mədəni həyatında daim yüksək fəallıq göstəriblər.
Vüqar İsayev vurğulayıb ki, partiyaya sədaqətlə və vicdanla xidmət etmək böyük məsuliyyət olmaqla yanaşı, həm də yüksək fədakarlıq tələb edir. Onun sözlərinə görə, YAP sıralarında fəaliyyət göstərmək dövlətçiliyə, milli maraqlara və ümummilli ideallara sədaqətin bariz ifadəsidir. Rayon təşkilatının sədri yubiley yaşı tamam olan partiya veteranlarını təbrik edərək onlara səmimi arzularını çatdırıb.
Daha sonra çıxış edən partiya veteranları - rayon ağsaqqalı Azadxan Haqverdiyev, Qərbi Azərbaycan İcması Göygöl rayon nümayəndəliyinin rəhbəri Hamlet Ömərov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Ələddin Qurbanov, Ofeliya Rəhimova və Mətləb Hüseynov partiyanın yarandığı mürəkkəb dövrdən bəhs ediblər. Qeyd olunub ki, həmin illərdə ölkədə mövcud olan çətin ictimai-siyasi vəziyyət Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurətə çevirib.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşən ziyalıların və vətənpərvər insanların qətiyyəti nəticəsində Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya ölkəmizin inkişafına və milli maraqların qorunmasına mühüm töhfələr verməkdə davam edir.
Görüşün sonunda yubiley yaşı tamam olan partiya veteranları Ələkbər Hüseynova, Nəbican Əliyevə və Adil Qarayevə fəxri fərman və hədiyyələr təqdim olunub.
