YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlıqda yeni mərhələ

Natiq Allahverdiyev

YAP Qax rayon təşkilatının sədri                    

Son illər Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni inkişaf dinamikası özünü göstərir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir, Bakının regionda sülh səylərini dəstəkləyir, eyni zamanda, ölkəmizin ən böyük ticarət tərəfdaşı və əsas sərmayə mənbəyi olaraq qalır. Ötən il ərzində Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurlu dialoqlar da Aİ ilə münasibətlərin inkişafına öz töhfəsini verib. Bu müsbət dinamika əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli şərait yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri zamanı keçirilən görüşdə mətbuata birgə bəyanatla çıxış edərək tərəfdaşlığın, əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Ölkəmizin başçısı çıxışında qeyd etmişdir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər hazırda fəal tərəfdaşlıq mərhələsindədir. Müxtəlif səviyyələrdə aparılan dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlığın dinamik inkişaf etdiyini göstərir. Son illər Avropa Komissiyasının üzvlərinin Azərbaycana dəfələrlə səfər etməsi tərəflər arasında əməkdaşlığın geniş spektrdə  yeni istiqamətlər üzrə inkişaf etdiyini təsdiqləyir.

Ölkəmizin başçısı bildirib ki, cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə əlaqəli olub. Bu fakt Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu bir daha göstərir. Qarşılıqlı investisiya imkanlarının genişlənməsi isə gələcəkdə bu göstəricilərin daha da artacağına əsas yaradır.

Bəyanatda Prezident vurğulayıb ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır. Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanın müstəqilliyini 1991-ci ildə bərpa olunsa da, ölkə cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Bununla belə, artıq sülhün müsbət nəticələri hiss olunur. Dövlət başçısı əminliyini ifadə edib ki, Ermənistan ilə əldə olunan sülh uzunmüddətli və davamlı olacaq.

Sözsüz ki, Azərbaycan sülh prosesini yalnız imzalanmış sənədlərlə deyil, real addımlarla da dəstəkləyir. Bu çərçivədə Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlayıb və digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar Azərbaycanın sülhə və regional əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir.

Azərbaycan 2020-ci ilin 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Müharibədən sonra isə Ermənistana sülh təklif edən tərəf də məhz Azərbaycan olub. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sənədinin paraflanması isə məhz bu məntiqi ardıcıllığın davamıdır. Bunun nəticəsidir ki, sülhə xidmət edən və onun iqtisadi-siyasi tərəflərini formalaşdıran addımlar ardıcıl xarakter almağa başlayıb.

İqtisadi əməkdaşlıq, siyasi dialoq, enerji tərəfdaşlığı, qarşılıqlı investisiyalar bu münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirir. Bu qarşılıqlı əməkdaşlıq təkcə iki tərəf üçün deyil, həm də regionun sabitliyi, tərəqqisi, inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu siyasi xətt, eləcə də müstəqil və balanslaşdırılmış xarici siyasət, Azərbaycanın geostrateji mövqeyi, enerji və nəqliyyat layihələrində oynadığı rol Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir.