Xəbərlər
Gələcək inkişafın yol xəritəsi
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ölkəmizə səfər etdi. Azərbaycanın xarici siyasətində Avropa ilə əlaqələrin inkişaf etdirilməsi prioritetdir. Tarixə qısa nəzər salsaq bunu aydın şəkildə görərik. 1996-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. 1999-cu ildə qüvvəyə minən bu saziş siyasi dialoq, sərmayə, qanunvericilik, elm, mədəniyyət, eləcə də ticarət sahələrini əhatə etmiş, münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaratmışdır. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsindən bir il əvvəl Avropa İttifaqı ölkəmizə xüsusi elçi təyin etmiş, 2000-ci ildə isə Azərbaycanın Aİ yanında nümayəndəliyi yaradılmışdır. 2004-cü il Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı baxımından ikinci dönüş nöqtəsi oldu. Belə ki, həmin il Azərbaycan Avropa İttifaqı Qonşuluq Siyasətinə daxil edildi. Qarşılıqlı əlaqələrin inkişafı üçün çox mühüm əhəmiyyəti kəsb edən bu hadisədən sonra Azərbaycanda iqtisadi, siyasi, hüquqi və inzibati sahələr üzrə islahatlar keçirilməsi üçün yeni imkanlar yaranmışdır. 2006-cı ildə tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, təhlükəsizlik və sabitliyin, o cümlədən əhalinin rifah səviyyəsinin dəstəklənməsi baxımından “Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı” adlı növbəti sənəd imzalanmışdır. 2009-cu ildə isə ölkəmiz Aİ-nin Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci ildə isə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmiş oldu. Bu xronologiya Azərbaycan-Avropa İttifaqı əlaqələrinin dünəni və bu günü barədə aydın təsəvvür yaradaraq qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.
Qarşılıqlı səfərlər əsasında əlaqələrimiz daha da möhkəmlənir. Antonio Koştanın səfəri bunun bariz nümunəsidir. Mətbuata bəyanatında “Biz Sizin səfərinizə çox böyük önəm veririk” söyləyən cənab İlham Əliyev bunun davamı olaraq onu da vurğuladı ki, səfər xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Bəzi iqtisadi göstəricilərə nəzər salan cənab İlham Əliyev vurğuladı ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.
Səfər çərçivəsində Prezidentlərin qəbul etdikləri birgə mətbuat bəyanatı əlaqlərimizin gələcəyi üçün yol xəritəsi oldu. Belə ki, ikitərəfli əməkdaşlığın gündəliyinin zənginliyi, bütün sahələri əhatə etdiyi həmin sənəddə öz əksini tapıb. Bu məqam xüsusi qeyd edilir ki, Prezidentlər münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni əhatəli ikitərəfli saziş üzrə danışıqların tez bir zamanda yekunlaşdırılmasına sadiqliklərini bir daha vurğulayıblar. Onlar, həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və bütün sahələrdə ikitərəfli gündəliyi daha da irəli aparmaq üçün Azərbaycan-Aİ Əməkdaşlıq Şurası da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam istifadənin vacibliyini qeyd ediblər. O da bildirilir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in həyata keçirilməsi ticarət, daşımalar, sərmayə, iqtisadi dayanıqlılıq və təmiz enerji daxil olmaqla, müvafiq sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını genişləndirmək üçün imkanlar yaradır.
