Xəbərlər
Bakı Forumu: qlobal dialoqun və sülhün yeni ünvanı
Anar Məmmədov
Milli Məclisin deputatı
Müasir beynəlxalq münasibətlər sistemi tarixinin ən mürəkkəb sınaqlarından birini yaşamaqdadır. Qlobal güclər arasındakı qütbləşmə, beynəlxalq hüququn selektiv tətbiqi və artan geosiyasi gərginliklər dünyanı qeyri-müəyyən bir keçid dövrünə sövq edib. Belə bir həssas məqamda 12 mart 2026-cı il tarixində paytaxtımızda işinə başlayan XIII Qlobal Bakı Forumu, Azərbaycanın dünya siyasətindəki intellektual və diplomatik liderliyini bir daha təsdiqlədi. Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş prezidentlər, baş nazirlər, beynəlxalq təşkilat rəhbərləri, nazirlər və parlamentarilərin iştirakı bu platformanı qlobal idarəetmənin “intellektual mərkəzi”nə çevirir. Xüsusilə, zəngin siyasi təcrübəyə malik sabiq dövlət və hökumət başçılarının bu müzakirələrə qatılması, keçmişin dərsləri ilə gələcəyin çağırışları arasında səmərəli sintez yaradır.
Həmişə olduğu kimi yenə də Azərbaycan qlobal tədbirlərə ev sahibliyi missiyasını uğurla həyata keçirir. Artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Əminliklə deyə bilərik ki, ölkəmizin bu istiqamətdə beynəlxalq arenada çəkisi get-gedə daha da artır. XIII Qlobal Bakı Forumu da bunun bariz nümunələrindən biridir.
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu qlobal əhəmiyyətli məsələlərin müzakirə olunması ilə yadda qalacaq. Bu forumun da Prezident İlham Əliyevin himayəsi altında keçirilməsi xüsusi önəm kəsb edir. Prezident artıq dünyada qlobal təşəbbüslərin müəllifi kimi qəbul olunur. Bu baxımdan ölkə başçısının Forumda çıxışı və nitqində toxunduğu regional və beynəlxalq məsələlər qlobal dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki dərin məzmunlu və konseptual çıxışı, əslində mövcud qlobal böhranlardan çıxış yolunu göstərən strateji bir “yol xəritəsi” idi. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə Azərbaycanın mövqeyini deyil, bəşəriyyətin gələcək taleyi ilə bağlı narahatlıqları və həll yollarını özündə ehtiva edir.
Dünyada hadisələrin sürətlə inkişaf etdiyi və proqnozlaşdırılması mümkün olmayan fəsadların ortaya çıxdığı bir şəraitdə beynəlxalq təhlükəsizlik məsələsi hər bir ölkənin gündəliyində ən vacib məsələlər sırasında dayanır. Bu baxımdan Qlobal Bakı Forumu beynəlxalq təhlükəsizliyə töhfə vermək baxımından mühüm platformalardan biri hesab edilir. Dövlət başçısının çıxışında ən fundamental məqamlardan biri beynəlxalq hüququn aliliyi məsələsi oldu. Prezident haqlı olaraq vurğuladı ki, dünya nizamının dayanıqlılığı hüquq normalarının bütün dövlətlər üçün bərabər və qərəzsiz tətbiqindən keçir. Azərbaycanın 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi, əslində beynəlxalq hüququn gücünün və tarixi ədalətin təntənəsi idi. XIII Qlobal Bakı Forumu vasitəsilə dünyaya verilən mesaj aydındır, fikir ayrılıqlarını aradan qaldırmaq üçün ilk növbədə “güclü haqlıdır” prinsipindən “haqlı güclüdür” prinsipinə qayıtmaq lazımdır.
Bu gün Azərbaycan artıq sadəcə enerji resursları ilə deyil, həm də sülh təşəbbüsləri ilə qlobal gündəliyi müəyyən edir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş kimi çıxış edir. Həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və böyük investisiyalar yatıran ölkəmiz, həm şərqdə, həm də qərbdə yerləşən onlarla dövlətin mühüm tranzit ehtiyaclarını təmin edir. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyir. Ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial boru kəmərləri vasitəsilə birləşdirmək istiqamətindəki qətiyyətli addımlar bütün region üçün vahid logistik hab formalaşdıracaqdır. Məhz bu reallıqlar fonunda Azərbaycan dünya dövlətlərini bu fürsətlərdən yararlanmağa və qlobal tədarük zəncirlərini möhkəmləndirməyə dəvət edir. Bütün bunların fonunda XIII Qlobal Bakı Forumu və cənab Prezidentin oradakı tarixi çıxışı Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qətiyyətlə qorunmasının növbəti təzahürü oldu.
