YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadınları müasir cəmiyyət quruculuğunda fəal rol oynayırlar

Bədəl Bədəlov

Milli Məclisin deputatı

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan qadınlarının çoxəsrlik şərəfli tarixini, zəngin mənəvi irsini və müasir cəmiyyət quruculuğundakı fəal rolunu dəyərləndirmək üçün qeyd olunur. Bu əlamətdar gün yalnız bayram xarakteri daşımır, eyni zamanda cəmiyyətin inkişafında qadın faktorunun əhəmiyyətini ön plana çıxarır. Azərbaycan qadınları tarixən milli kimliyimizin qorunmasında, dövlətçilik ənənələrinin yaşadılmasında və gələcək nəsillərin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.

Azərbaycan xalq ədəbiyyatının möhtəşəm abidəsi olan Kitabi-Dədə Qorqud dastanında qadın obrazları yalnız ailə dəyərlərinin daşıyıcısı kimi deyil, həm də döyüşkən, mərd və mübariz xarakterləri ilə təqdim olunur. Bu dastanda qadınlar müdrik məsləhətçi, cəsur silahdaş və mənəvi dayaq kimi təsvir edilir. Tarixin müxtəlif mərhələlərində Tomris, Möminə Xatun, Sara Xatun, Nüşabə, Nigar, Həcər kimi qadınlar xalqın yaddaşında liderlik, müdriklik və qəhrəmanlıq rəmzi kimi yaşayır. Bu faktlar göstərir ki, Azərbaycan qadınları yalnız ailə ocağının qoruyucusu deyil, həm də Vətənin müdafiəçisi, siyasi proseslərin fəal iştirakçısı və cəmiyyətin inkişafına istiqamət verən şəxsiyyət olmuşdur.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verən ilk müsəlman Şərq dövləti kimi tarixə düşmüşdür. Bu qərar dövrünün ictimai-siyasi reallıqları baxımından son dərəcə cəsarətli və mütərəqqi addım idi. Qadınların siyasi hüquqlar əldə etməsi onların cəmiyyət həyatında daha fəal iştirakına şərait yaratmış və demokratik idarəçilik ənənələrinin formalaşmasına mühüm təsir göstərmişdir. Bir çox Avropa ölkələrindən əvvəl qadınlara bu hüququn verilməsi Azərbaycan dövlətçilik tarixində mühüm demokratik nailiyyət kimi dəyərləndirilir və ölkəmizin müasirlik ənənələrinin dərin köklərə malik olduğunu sübut edir.

Azərbaycan qadınları yüzillər boyu formalaşmış milli dəyərlərə sadiq qalaraq ana dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın əsas dayağı olmuşlar. Onlar ailə tərbiyəsinin əsas aparıcı qüvvəsi kimi milli kimliyin qorunmasında mühüm rol oynamış, övladlara Vətən sevgisi, humanizm və mənəvi saflıq aşılamışlar. Keçmişin müdrik anaları və ziyalı qadınları milli şüurun formalaşmasında əhəmiyyətli rol oynamış, müasir dövrdə isə elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə yüksək nəticələr əldə etmişlər. Bu uğurlar Azərbaycan qadınlarının zəngin intellektual potensialını, təşəbbüskarlığını və yaradıcı imkanlarını parlaq şəkildə nümayiş etdirir.

Müstəqillik dövründə gender siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin rəhbərliyi ilə qadınların dövlət idarəçiliyində təmsilçiliyi genişlənmiş, gender bərabərliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Azərbaycan 1995-ci ildə Pekində keçirilmiş IV Ümumdünya Qadın Konfransında qəbul olunmuş Pekin Bəyannaməsi və Fəaliyyət Platforması sənədinə qoşularaq qadınların siyasi, iqtisadi və sosial hüquqlarının təmin olunmasını prioritet istiqamət kimi müəyyən etmişdir. Bu sənəd qadınların qərar qəbuletmə proseslərində iştirakının artırılması, onların iqtisadi imkanlarının genişləndirilməsi və sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm çərçivə rolunu oynayır. Eyni zamanda, Azərbaycan BMT-nin “BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşularaq milli qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmış və gender bərabərliyinin təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir.

Qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, onların ictimai-siyasi fəallığının artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli Liderin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkəmizdə gender siyasətinin daha məqsədyönlü şəkildə həyata keçirilməsinə zəmin yaratdı və qadınların hüquqlarının müdafiəsinin dövlətin prioritet istiqamətlərindən olduğunu bir daha təsdiqləmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 6 fevral tarixli Fərmanı ilə yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması, sosial məsələlərin həlli istiqamətində dövlət tədbirlərinin həyata keçirilməsini təmin edən əsas icraedici qurum kimi fəaliyyət göstərir və bu sahədə işlərin daha çevik və əlaqəli şəkildə aparılmasına xidmət edir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul olunması gender siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirmiş, qadın hüquqlarının müdafiəsini gücləndirmişdir.

Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə, hüquq-mühafizə orqanlarında, eləcə də ordu sıralarında uğurla təmsil olunurlar. Onların rəhbər vəzifələrdə artan iştirakı cəmiyyətin inkişaf dinamikasına müsbət təsir göstərir. Statistik göstəricilər də qadınların ictimai-siyasi və iqtisadi fəallığının artdığını təsdiqləyir. Əhalinin yarıdan çoxunu təşkil edən qadınlar işçi qüvvəsində, sahibkarlıq fəaliyyətində və dövlət qulluğunda mühüm paya malikdirlər. Qadın sahibkarların sayının artması, onların iqtisadi müstəqilliyinin möhkəmlənməsi və sosial təşəbbüslərdə fəallığı ölkənin dayanıqlı inkişafına töhfə verir. Bu dinamika qadınların yalnız sosial deyil, həm də iqtisadi proseslərin aparıcı iştirakçısına çevrildiyini göstərir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar fəaliyyətləri, mədəni diplomatiya təşəbbüsləri və sosial layihələri ilə Azərbaycan qadınlarının beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə sahələrini əhatə edərək ölkəmizin “yumşaq güc” siyasətinin mühüm komponentinə çevrilmişdir. Bu fəaliyyətlər qadınların mərhəmət, humanizm və yüksək təşkilatçılıq keyfiyyətlərini beynəlxalq müstəvidə nümayiş etdirir.

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qadınların ictimai fəallığının artırılması, əmək bazarında imkanların genişləndirilməsi, rəqəmsal savadlılığın yüksəldilməsi və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Plan çərçivəsində gender bərabərliyi mədəniyyətinin təbliği, qadınların qərar qəbuletmə proseslərində iştirakının genişləndirilməsi və sosial həssas qrupların müdafiəsi əsas prioritetlər kimi müəyyən olunmuşdur. Bu sənəd dövlətin gender siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Azərbaycan qadınları tarixən mübarizlik, mərdlik, zəka və mənəvi saflıq nümunəsi olmuşdur. 8 Mart – Beynəlxalq Qadınlar Günü xanımların keçdiyi şərəfli yolun, qazandığı uğurların və qarşıdakı böyük perspektivlərin təntənəsidir.