YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik və tərəqqinin uğurlu modeli

Natiq Allahverdiyev

YAP Qax rayon təşkilatının sədri

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclasındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərini, qarşıdakı dövr üçün prioritetləri və beynəlxalq əməkdaşlıq perspektivlərini aydın şəkildə təqdim edib. Azərbaycan artıq yalnız zəngin enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında fəal və etibarlı tərəfdaş kimi çıxış edir. Son illər həyata keçirilən ardıcıl və düşünülmüş enerji siyasəti nəticəsində Azərbaycan regionun aparıcı enerji mərkəzlərindən birinə çevrilib: Bu siyasətin əsasında uzunmüddətli strateji baxış, milli maraqlara söykənən praqmatik yanaşma və dəyişən qlobal enerji bazarına çevik adaptasiya dayanır.

Enerji infrastrukturunun modernləşdirilməsi, yeni ixrac marşrutlarının yaradılması və mövcud kəmərlərin ötürücülük qabiliyyətinin artırılması Azərbaycanın beynəlxalq enerji xəritəsində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində reallaşdırılan layihələr ölkəmizin təşəbbüskar və etibarlı tərəfdaş rolunu daha da gücləndirib. Bu dəhliz vasitəsilə Xəzər qazının Avropa bazarlarına çıxarılması təkcə iqtisadi dividendlər qazandırmır, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminində mühüm amil kimi çıxış edir. Bu gün Azərbaycan qazı bir sıra ölkələrin enerji balansında sabitləşdirici faktor rolunu oynayır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın 12 ölkəyə qaz tədarük etdiyini vurğulayıb. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici ölkəmizin beynəlxalq enerji bazarındakı rolunun ardıcıl şəkildə artdığını və enerji diplomatiyasının real nəticələr verdiyini aydın şəkildə göstərir. 

Enerji siyasətində sözlə əməl arasında tam uyğunluq Azərbaycanın beynəlxalq arenada etimadını daha da möhkəmləndirir. Əlamətdar məqamlardan biri də qaz təchizatının artıq Avropa hüdudlarından kənara çıxmasıdır. Bu isə Azərbaycanın enerji ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xəzər qazının yeni istiqamətlərə çatdırılması ölkəmizin qlobal enerji xəritəsində mövqeyini genişləndirir, eyni zamanda beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır.

Azərbaycan dünyəvi proseslərdən heç zaman kənarda qalmayıb. Dünyanı narahat edən ən böyük problemlərdən biri də enerji məsələsidir, əslində, enerji problemidir. Enerji resurslarının azalması, azalmanın davam etməsi buna ciddi münasibət göstərilməsini gündəmə gətirib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib: “...bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik”.

Günəş enerjisinin, külək enerjisinin, potensial olaraq termal enerjinin, qazın və bütün mümkün kombinasiyaların nəzərdən keçirildiyini bildirən, Xəzər dənizinin ildən-ilə dayazlaşdığını xatırladan dövlət başçımız dedi ki, biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik - 870 meqavat gücündə. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir.