YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji diplomatiyasında yeni mərhələ

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisi son illərdə xüsusilə enerji diplomatiyası vasitəsilə daha aydın şəkildə görünür. Bu baxımdan Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqlədi. Bakı Konqres Mərkəzində təşkil olunan bu toplantılar təkcə hesabat xarakteri daşımır, həm də gələcək strateji istiqamətlərin müəyyənləşdirildiyi mühüm platformadır. İştirakçı ölkələrin və qurumların artan sayı tədbirin beynəlxalq əhəmiyyətini açıq şəkildə nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev çıxışında son 12 ildə enerji sahəsində formalaşan əməkdaşlıq mühitinin əhəmiyyətinə xüsusi diqqət çəkdi. Qeyd olundu ki, təşəbbüsün başlanğıcı ilə müqayisədə bu gün enerji təhlükəsizliyinin birgə səylər olmadan təmin edilməsinin mümkünsüzlüyü daha aydın görünür. Son illər qlobal miqyasda baş verən siyasi və iqtisadi çətinliklər fonunda Azərbaycanın və tərəfdaşlarının bir sıra ölkələrin enerji təminatında oynadığı rol artıq praktik reallıqdır. Hər il keçirilən görüşlərdə irəliləyişlərin müzakirə olunması davamlı inkişafın göstəricisidir.Toplantılarda yaşıl enerji gündəliyinin xüsusi yer tutması isə Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Regionda ən böyük külək elektrik stansiyasının istifadəyə verilməsi və günəş enerjisi layihələrinin icrası alternativ mənbələrin inkişafına verilən önəmin bariz nümunəsidir. Bu layihələrdən biri Səudiyyə Ərəbistanının ACWA Power şirkəti, digəri isə BƏƏ-nin Masdar şirkəti tərəfindən həyata keçirilib. Xarici investorlarla yerli tərəfdaşlığın sintezi Azərbaycanın yaşıl enerji strategiyasını daha da gücləndirir və uzunmüddətli planların real müqavilələrə əsaslandığını göstərir.

Cənub Qaz Dəhlizi platformasının iştirakçı tərkibinə nəzər saldıqda tədbirin miqyası daha aydın görünür. 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və onlarla enerji şirkətinin təmsil olunması əməkdaşlığa olan marağın göstəricisidir. Plenar sessiyalarda həm qaz dəhlizinin davamlı uğuru, həm də yeni inkişaf mərhələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu format enerji sahəsində qərarların koordinasiyalı şəkildə qəbul olunmasına və ortaq maraqların uzlaşdırılmasına imkan yaradır.

Azərbaycanın enerji diplomatiyasının uğurları möhkəm tarixi təmələ söykənir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji strategiyasının əsasını qoydu. Bu gün həmin siyasətin davamı olaraq qaz ixrac edilən ölkələrin sayı 16-ya çatıb və Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada ön sıralardadır. Almaniya və Avstriyaya ixracın başlanması, eləcə də Suriyaya qaz tədarükü coğrafiyanın genişləndirilməsinin real nəticəsidir. Bu şaxələndirmə həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələr üçün qarşılıqlı fayda modeli yaradır.

Göründüyü kimi, Azərbaycanın əsas hədəfi enerji əməkdaşlığını daha da dərinləşdirmək və ixrac imkanlarını maksimum səviyyəyə çatdırmaqdır. Artan hasilat perspektivləri və yeni interkonnektor layihələri Avropa bazarında mövcudluğun genişləndirilməsinə xidmət edir. Bakı görüşləri isə bu strategiyanın açıq müzakirə edildiyi və tərəfdaşlarla razılaşdırıldığı mühüm siyasi platformadır. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qlobal miqyasda söz sahibi olduğunu və gələcəkdə də bu mövqeyini qoruyacağını göstərir.