YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü Azərbaycan reallığı

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin strateji mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının “Biz 12 ölkəyə qaz tədarük edirik” bəyanatı təkcə statistik göstərici deyil, həm də ölkəmizin artan geosiyasi və geoiqtisadi rolunun bariz ifadəsidir.

Bu gün Azərbaycan Avrasiyanın enerji xəritəsində mühüm mərkəzə çevrilib. Uzun illərdir ardıcıl və düşünülmüş şəkildə həyata keçirilən enerji strategiyası nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. “Cənub Qaz Dəhlizi” layihəsi yalnız boru kəmərləri sistemi deyil, eyni zamanda ölkələr arasında siyasi etimad və iqtisadi əməkdaşlıq platformasıdır. Azərbaycan qazının 12 ölkəyə ixrac olunması isə bu platformanın real nəticəsidir.

Avropada enerji təhlükəsizliyi məsələsinin xüsusi aktuallıq kəsb etdiyi bir dövrdə Azərbaycanın rolu daha da artır. Etibarlı təchizatçı imici illər ərzində formalaşıb və Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz bütün öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirir. Bu, həm də milli maraqlarımızın qorunması ilə yanaşı, tərəfdaş ölkələrin enerji sabitliyinə töhfə vermək deməkdir.

Diqqətəlayiq məqam ondan ibarətdir ki, qaz ixracının genişlənməsi paralel şəkildə yaşıl enerji gündəliyi ilə uzlaşdırılır. Yaşıl Enerji Məşvərət Şurasının iclası çərçivəsində müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan yalnız ənənəvi enerji resurslarının deyil, eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafında da iddialıdır. Bu yanaşma ölkəmizin enerji siyasətinin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını sübut edir.

“Biz 12 ölkəyə qaz tədarük edirik” ifadəsi əslində müstəqil, güclü və sözünün sahibi olan Azərbaycanın reallığını əks etdirir. Bu gün ölkəmiz həm enerji ixracatçısı, həm tranzit mərkəzi, həm də yaşıl enerji təşəbbüslərinin fəal iştirakçısı kimi çıxış edir. Enerji diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır və bu kurs gələcək illərdə də davam etdiriləcək.

Əminliklə demək olar ki, həyata keçirilən uğurlu enerji strategiyası nəticəsində Azərbaycan regional əməkdaşlığın əsas dayaqlarından biri olaraq qalacaq və qlobal enerji təhlükəsizliyinə töhfələrini daha da artıracaq.