Xəbərlər
Hadi Rəcəbli: Görülən işlər nəticəsində respublikamızda əlilliyin artım tempinin qarşısı alınıb, onların reabilitasiya göstəricisi yüksəlib
«Dekabr ayının 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur. Məhz bu fakt ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu göstərir». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, son 12 ildə Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, belə insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub.
«Əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılıb və hər il yüzlərlə əlilin xarici ölkələrdə bərpa müalicəsi, istirahət zonalarında istirahəti təşkil olunur. Ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi yüksəlib. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərin başlıca məqsədi onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasını təmin etməkdir. Başqa sözlə, əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir»- deyə, komitə sədri vurğulayıb.