Xəbərlər
YAP Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir
Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov və Qərbi Azərbaycan İcmasının Xızı rayonu üzrə nümayəndəsi Nayim Əliyev çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğu bildirilib. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.
Sonda partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə fəxri fərman təqdim olunub.
