Xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Latviya Respublikasının rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Latviya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin dostluq münasibətləri əsasında daim inkişaf etdiyini, Latviya nümayəndə heyətinin bu səfərinin əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafı üçün imkan yaratdığını bildirib. S.Müslümov dünyada yaşanan dərin böhran proseslərinə baxmayaraq, Prezident cənab İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik inkişafın davam etdiyini diqqətə çatdırıb: “Ölkədə uğurlu iqtisadi şaxələndirmə siyasəti qeyri-neft sektorunun ümumdaxili məhsulda 70 faizə çatmasına imkan verib və bu sektorun genişlənməsi qeyd olunan dövrdə əksəriyyəti daimi olan 1,4 milyon iş yerinin açılması və işsizliyin 4,9 faizə enməsi ilə nəticələnib”.
Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Nazir bildirib ki, Azərbaycanda məşğulluq imkanlarının artması, yaşayış səviyyəsinin yüksəlməsi son on ildə ölkəmizə daimi yaşamaq üçün gələnlərin sayının respublikamızdan daimi yaşamaq üçün başqa ölkələrə gedənlərin sayını xeyli üstələməsinə səbəb olub: “Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, “yuxarı orta gəlirli” ölkələr qrupuna və BMT İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupuna daxil edilib”.
S.Müslümov ölkənin iqtisadi inkişafının sosialyönümlü olduğunu və iqtisadi dividentlərin ilk növbədə sosial sahəyə və insan kapitalının inkişafına yönəldiyini, bütün sosial proqramların icrasının uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Sosial sahənin prioritet təşkil etməsinin nəticəsi olaraq, sosialyönümlü xərclərə ayrılan dövlət vəsaitləri ilbəil artırılır. Məsələn, ötən il dövlət büdcəsindən bu xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri üçün 12,6 faiz çox vəsait ayrılıb. Bu müsbət tendensiya cari ildə də davam edib. Ölkənin gələn ilki dövlət büdcəsi də sosial yönümlü büdcədir, onun 36,1 faizi sosial məqsədlər üçündür, sosial sahə üzrə vəsait ayırmaları sabit saxlanılmaqla, bir çox istiqamətlərdə sosial ayırmalar üçün vəsaitin artırılması nəzərdə tutulub”.
Nazir qeyd edib ki, 2000-ci ildə BMT-nin qəbul etdiyi və Azərbaycan da daxil olmaqla 147 ölkənin tərəfdar çıxdığı Minilliyin İnkişaf Məqsədlərindən biri də 2015-ci ilə qədər yoxsulluğun azaldılmasıdır: “Bu strateji sosial məqsədə nail olunmasında Azərbaycanın mühüm tarixi nailiyyəti kimi, ölkədə yoxsulluq səviyyəsi qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə enib. Bununla belə, ölkə iqtidarının müəyyən etdiyi mühüm vəzifələrdən biri ölkədə yoxsulluğun tam aradan qaldırılmasıdır”.
S.Müslümov ölkəmizdə insan resurslarının inkişafı, aktiv məşğulluq tədbirləri, gənclərin məşğulluğu, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi, sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan işlərdən bəhs edib. Nazir son illərdə əmək və sosial təminat, eləcə də tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin innovativ texnologiyalar əsasında yenidən qurulması, əhali üçün şəffaf və daim əlçatan, müasir xidmətlər sisteminin yaradılması məqsədilə aparılan islahatlara da toxunub. Bu sahələrdə görülən işlərdə beynəlxalq əməkdaşlıq müstəvisində dünya təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyi vurğulanıb: “Nazirlik 20-dən artıq ölkənin aidiyyəti qurumları və mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə malikdir. Onlarla indiyədək 30-dan çox əməkdaşlıq sənədi imzalanıb. Hesab edirik ki, Latviya ilə də müvafiq sahələrdə əməkdaşlıq sənədinin imzalanması hər iki tərəf üçün faydalı olacaq və ölkələrimizdə aparılan siyasətlərə öz töhfəsini verəcək”.
U.Augulis ölkəsinin daim inkişaf edən Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu və bunun üçün səylərin göstərildiyini vurğulayıb. Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahat tədbirlərinin təqdirəlayiq olduğunu qeyd edən U.Augulis Latviyanın əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində təcrübəsi barədə məlumat verib. O, qeyd olunan sahələrdə hər iki nazirlik üçün ortaq maraq kəsb edən məsələlərin mövcud olduğunu bildirib, aidiyyəti fəaliyyət sahələrində əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyətli olacağını fikirlərinə əlavə edib.
Daha sonra nazirlər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.
Memorandum əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun dəstəklənməsi, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, peşə və ixtisas standartlarının hazırlanması və tətbiqi sahələrində əməkdaşlıq istiqamətlərini nəzərdə tutur. Sənəddə həmçinin işsiz və işaxtaran vətəndaşlar üçün peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin sosial problemlərinin və məşğulluq məsələlərinin həlli, onların peşə reabilitasiyasının təşkili, gənclərin məşğulluğu, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, sosial xidmətlər, sosial tərəfdaşlıq sisteminin inkişafı və digər əməkdaşlıq istiqamətləri əksini tapır.
Memoranduma uyğun olaraq, əməkdaşlıq əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin və normativ sənədlərin, sosial-əmək məsələləri üzrə analitik-informasiya materiallarının və elmi tədqiqatların nəticələrinin mübadiləsi, tərəflərin ekspertləri arasında məsləhətləşmələr və s. formalarda həyata keçiriləcək. Sənəddəki müddaəların həyata keçirilməsi məqsədilə tərəflərin ictimai əsaslarla İşçi qrupları yaratmaları da nəzərdə tutulur.
Tədbirin sonunda mətbuat üçün brifinq keçirilib.