Xəbərlər
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Tarixi yaddaşın qorunması, həqiqətlərin gələcək nəsillərə çatdırılması bütün dövrlər üçün əsas çağırışdır. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Cənab İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu” söylədi və vurğuladı ki, bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.
Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq, haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdik. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirir. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Cənab İlham Əliyev bu çağırışı etdi ki, əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir. “Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur: “Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular”.
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Xalqımız 30 illik işğal dövründə torpaqlarımızın işğaldan azad ediləcəyinə inamını itirmədi. Təbii ki, bu inama əsas verən dövlətimizin qətiyyəti, real faktlara və tarixi həqiqətlərə söykənən siyasəti idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapsa da bu sənədlər 28 il kağız üzərində qaldı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə həm ədaləti bərpa etdi, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına özü icra etdi. Dövlət başçısı İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha vurğuladı ki, əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir: “Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”.
Cənab İlham Əliyevin hər bir çıxışı dünənimizə və bu günümüzə baxış fonunda gələcəklə bağlı mühüm çağırışlarla zəngindir. Dövlətimizin başçısı İlham Əliyev bir daha bəyan etdi ki, artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində dünyada bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.
