Xəbərlər
Tarixi ədalət
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Tarixi Zəfərdən sonrakı mərhələ Azərbaycanın dövlətçilik tarixində keyfiyyətcə yeni dövr kimi xarakterizə olunur. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparılması, şəhər və kəndlərin müasir tələblərə uyğun şəkildə qurulması, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı bu mərhələnin əsas məzmununu təşkil edir. Otuz illik dağıntı və viranəlik artıq quruculuq və inkişaf mərhələsi ilə əvəzlənib. Bu proses yalnız infrastrukturun bərpası deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpasıdır. Azad edilmiş yaşayış məntəqələrinin sakinlərinə qovuşması Azərbaycanın iqtisadi gücünü və xalqın qurucu potensialını nümayiş etdirir.
Bu reallıqların əsasında 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri dayanır. Məhz həmin hərbi-siyasi mərhələdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə qazanılmış Qələbə ölkənin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirdi. Dövlət başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri, o cümlədən Xocalı və Xocavənd rayonlarına səfəri görülən işlərin miqyasını və Böyük Qayıdış proqramının real nəticələrini bir daha ortaya qoydu. Xocavənd şəhərinin sakinlərinə qovuşması Böyük Qayıdışın mühüm mərhələlərindən biri kimi tarixə düşdü.
Sakinlərlə görüşlər zamanı dövlət başçısı illərlə köçkün həyatı yaşamış insanların çəkdiyi mənəvi və fiziki çətinlikləri xüsusi qeyd edərək bildirdi ki, xalq bu ağır sınaqdan ləyaqətlə çıxıb. Uzun illər ərzində cəmiyyətin əsas inamı torpaqların azad ediləcəyi və ədalətin bərpa olunacağı idi. Bu inam nəticə etibarilə özünü doğrultdu. Artıq ölkə yeni mərhələyə qədəm qoyub və əsas prioritet quruculuq, sabitlik və inkişafdır. Güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordunun qurulması və beynəlxalq müstəvidə prinsipial mövqe bu uğurun əsas dayaqları oldu.
Azad edilmiş ərazilərdə Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı isə tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Memorial Kompleks həmin faciənin unudulmaması, gələcək nəsillərə çatdırılması və beynəlxalq aləmdə tanıdılması istiqamətində aparılan siyasətin rəmzidir. Açılış mərasimində vurğulandı ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüquq çərçivəsində tarixi ədaləti də təmin etmiş oldu.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət və vətəndaş cəmiyyəti institutları uzun illər sistemli fəaliyyət göstərib. Xüsusilə Heydər Əliyev Fondu və onun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası beynəlxalq maarifləndirmə işinə mühüm töhfə verib. Bir sıra ölkələrin Xocalı soyqırımını tanıması, eləcə də müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin mərhələli şəkildə bərpasının göstəricisidir. Azərbaycan ədaləti öz gücü və siyasi iradəsi ilə təmin etdiyini praktikada sübut etdi.
Bu gün ölkə post-münaqişə mərhələsində qalib və suveren dövlət kimi mövqeyini möhkəmləndirir. “Böyük Qayıdış” proqramı çərçivəsində infrastruktur layihələrinin icrası, sosial obyektlərin tikintisi və təhlükəsiz yaşayış mühitinin yaradılması davam edir. Xocalı Memorial Kompleksi həm milli hüznün, həm də qürurun simvoludur. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan artıq 1990-cı illərin zəif və qeyri-sabit dövləti deyil; bu gün ölkə güclüdür, öz təhlükəsizliyini təmin etməyə qadirdir və regionda davamlı sülhün tərəfdarı kimi çıxış edir. Bu reallıq həm tarixi ədalətin bərpasını, həm də gələcəyə inamlı addımlamağı təmin edən əsas amildir.
