Xəbərlər
Milli qürurumuzun təntənəsi
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılış mərasimi keçirildi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində istirak etdilər. Dövlətimizin başçısı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından, onun beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən, əldə olunan nəticələrdən, tarixi Zəfərimizə hazırlıq dövründən və sair kimi mühüm məqamlardan geniş bəhs etdi. Bildirdi ki, iki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyuldu. Bu gün isə bu Memorial Kompleksin açılışına toplaşmışıq. Xocalı soyqırımı Ermənistan dövləti, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı. Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar: “Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.
Cənab İlham Əliyev tarixi Zəfərimizə hazırlıq dövrünün reallıqlarından bəhs edərkən bu məqamları diqqətə çatdırdı ki, ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi. Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim əyilməz iradəmiz bunu təmin etdi.
Bu gün Azərbaycan xalqı sülh içində yaşayır. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti bugünkü uğurlarımızın əsasıdır. 30 illik işğal dövründə ölkəmiz dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç zaman ruhdan düşmədi, əksinə real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatını uğurla davam etdirdi. Diplomatik mübarizədə üstünlüyümüz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə də bu reallıqları diqqətə çatdırdı. Bildirdi ki, işğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik: “İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu”.
Azərbaycan 30 illik işğal dövründə bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurdu. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurdu. Güclü ordu qurdu. Həm Ordumuzun peşəkarlığı artırıldı, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika alındı. Hər gün, hər ay Qələbəyə doğru addımladıq. “Mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq” söyəyən Prezident İlham Əliyev vurğuladı ki, cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, ancaq mən bilirdim və Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.
Xocalı bu gün dirçəliş və qürur rəmzinə çevrilib. Suverenliyimizin bərpasından çox qısa zamanda, cəmi 8 ay ərzində Xocalı şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilk sakinlərini qarşılamasını təmin etdi. Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Fevralın 20-də Xocavənd şəhəri sakinlərinə qovuşdu. Yanvarın 21-də isə bu sevinci Xankəndi şəhəri yaşadı. Soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı milli qürurumuzun təntənəsidir.
