YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalətə inam

Qadir İbrahimov

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri

Azərbaycan xalqına qarşı törədilmiş Xocalı Soyqırımının beynəlxalq səviyyədə tanınması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 25 fevral 2025-ci il tarixdə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır.

Prezidenti İlham Əliyev Xocalıya səfər zamanı Xocalı Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında vurğulamışdır ki, bu hadisə insanlığa qarşı yönəldilmiş cinayətdir. Xocalı qətliamının məsuliyyəti bilavasitə Ermənistan dövlətinin üzərinə düşür. Bir gecə ərzində yüzlərlə mülki insanın öldürülməsi, qadınların, uşaqların və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi yalnız hərbi əməliyyat deyil, sistemli terror aktı idi.

Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, haqq işimizin dünya birliyinə təqdim edilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fond yaradıldıqdan sonra, “Xocalıya ədalət” genişmiqyaslı hərakatına start verildi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirdi.

Prezident İlham Əliyev demişdir ki, “Memorial Kompleksin açılışı məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il əvvəl təməlqoyma mərasimində demişəm”

Dövlət başçısının Xocavənd şəhərinə növbəti səfəri çərçivəsində burada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yaxından tanış olması regionun dirçəliş prosesinin ardıcıl və planlı şəkildə aparıldığını bir daha nümayiş etdirdi.

Tarixi səfər zamanı ölkə başçısına şəhərdə icra olunan infrastruktur layihələri barədə ətraflı məlumat verilmiş, Xocavənddə yol-nəqliyyat şəbəkəsinin yenidən qurulduğu, elektrik, su və qaz xətləri müasir standartlara uyğun şəkildə bərpa edildiyi bildirilmişdir

Şəhərdə yaşayış məntəqələrinin yenidən qurulması əsas prioritet istiqamətlərdəndir. Müasir memarlıq üslubunda inşa olunan yeni yaşayış binaları keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədi daşıyır. Tikilən evlər dayanıqlı materiallardan istifadə olunmaqla, rahat və təhlükəsiz yaşayış üçün bütün zəruri infrastrukturla təmin edilir.

Sosial obyektlərin - məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin və mədəniyyət ocaqlarının tikintisi də diqqət mərkəzindədir. Bu obyektlər gələcəkdə şəhərin sosial həyatının canlanmasına və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək. Həmçinin, yeni iş yerlərinin yaradılması iqtisadi fəallığın artmasına və bölgənin davamlı inkişafına təkan verəcək.

Xocavənddə həyata keçirilən layihələr təkcə fiziki infrastrukturun bərpası deyil, həm də sosial ədalətin bərqərar olunması və insanların doğma torpaqlarına qayıdış arzusunun gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət tərəfindən yaradılan şərait mərhələli şəkildə əhalinin köçürülməsinə və bölgədə həyatın tam bərpasına imkan verir. Bunu, Prezidentimizin vətəndaşlarla görüşləri təsdiqləyir, onlara yaradılan şərait üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Ölkə başçısının Xocalı faciəsi ərəfəsində Xocavəndə səfəri həmçinin çox önəmli göndərişdir. Bizim azad olunmuş torpaqlarımızda həyat davam edir və bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri sistemli və məqsədyönlü xarakter daşıyır.

Xocavənd bu gün yenidən qurulan, dirçələn və gələcəyə inamla addımlayan bir şəhər kimi öz yeni inkişaf mərhələsini yaşayır. Bu dirçəliş həm tarixi ədalətin təntənəsi, həm də Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevin Memorial Kompleksdəki çıxışı xalqımızın sarsılmaz iradəsini, ədalətə tam olan inamını dünyaya bir daha bəyan etdi.