YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizi heç vaxt unutmamalıyıq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılış mərasimində iştirak etdilər. Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında cənab İlham Əliyevin xüsusi diqqət yönəltdiyi məqamlardan biri Azərbaycanın dünyadan ədalət tələb etməsi, addım-addım ədalətə doğru irəliləməsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq - heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək, onları bizə qarşı yenə də təhrik etmək, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək.

O da qeyd edildi ki, Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi- ədalətə inam, dövlətə inam, Ordumuza inam.

Bu Memorial Kompleksin timsalında  Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Cənab İlham Əliyev vurğuladı: “Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada”.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq.

Dövlət başçısı İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bu çağırışı etdi ki, bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.