YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə çağırış

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı Azərbaycan xalqının tarixi yaddaşı, milli qüruru və ədalətə inamının təntənəsi kimi dəyərləndirilir. Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İLham Əliyevin qeyd etdiyi kimi, onların qanı yerdə qalmadı, qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı.

Dövlətimizin başçısı İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha diqqəti bu reallıqlara yönəltdi. “Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər” deyən cənab İlham Əliyev bildirdi ki, əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər: “Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”.

 Memorial Kompleksin açılışında Xocalı sakinlərinin iştirak etdiyini önə çəkən Prezident İlham Əliyev vurğuladı ki, onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam. Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük.

Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Şəhərlər və kəndlər yenidən salınır, infrastruktur layihələri icra olunur. Bərpa-quruculuq işlərinin miqyası bu torpaqlara soydaşlarımızın qayıdışının davamlılığında özünün aydın ifadəsini tapır. Bu torpaqlarda görülən işlər şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edirlər. Xocalıda Memorial Kompleksin açılması bu ərazidə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsidir. Memorial həm keçmişimizi, faciələrimizi  unutmamağa, həm də gələcəyə doğru inamla addımlamağa bir çağırışdır.