YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ciddədə Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq simpozium təşkil olunub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki mənzil-qərargahında “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: Keçmiş səylər və perspektivlər” mövzusunda beynəlxalq simpozium təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Simpoziumda İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinin əməkdaşları, təşkilata üzv ölkələrin İƏT yanında daimi nümayəndələri və Ciddədə akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri iştirak ediblər.

İƏT baş katibinin siyasi məsələlər üzrə müavini Abdullah Alim çıxış edərək deyib ki, təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman ölkəmizin haqlı mövqeyini dəstəkləyir, Ermənistandan işğal etdiyi ərazilərdən geri çəkilməyi tələb edir və beynəlxalq ictimaiyyəti bu məsələnin həllində fəal olmağa çağırır.

SAM-ın direktor müavini Gülşən Paşayeva Azərbaycanın İslam dünyasının tərkib hissəsi olduğunu və İƏT-ə üzv seçildiyi vaxtdan bu beynəlxalq təşkilatın fəal üzvlərindən birinə çevrildiyini qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in xüsusi rolunu vurğulayaraq məhz bu təşkilat tərəfindən dünya ictimaiyyətində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz haqqında birmənalı fikir formalaşdırılğını deyib.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev dövlətimizin xarici siyasəti, İƏT ölkələri ilə əməkdaşlıq vektoru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, İyad bin Amin Mədəninin İƏT-in baş katibi seçilməsindən sonra BMT-nin baş katibi Pan Gi Muna ünvanladığı məktubda Ermənistanın işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti aparmasından narahatlığını ifadə etməsinin təşkilatın münaqişənin həllinə verdiyi önəmin təzahürü olduğunu diqqətə çatdırıb.

İƏT-in Siyasi Məsələlər İdarəsinin baş direktoru Tariq Bəxit Azərbaycanın təşkilat daxilində rolunu yüksək qiymətləndirib. O, Azərbaycanın işğala məruz qalmaqla yanaşı, eyni zamanda, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini bildirib.

Türkiyənin İƏT yanında daimi nümayəndəsi Saleh Mutlu Şən ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyənin münaqişənin həllinə öz töhfəsini verməyə və prosesi sürətləndirməyə hazır olduğunu bildirib.

Tədbirdə Gülşən Paşayeva “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT qətnamələrinin rolu: xarici səylər və fəal iştirak”, SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyev “Beynəlxalq hüququn uğursuzluğu fonunda İƏT-ə üzv ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək töhfələri” mövzularında məruzələrlə çıxış ediblər.