Xəbərlər
“Xocalını unutmayaq”
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektoru tərəfindən “Xocalını unutmayaq: tarixdən gələcəyə çağırış” adlı anım tədbiri keçirilib.
Əvvəlcə Göygöl rayonunun Hacıməlik qəsəbəsində, Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2”də ucaldılmış “Xocalı” abidəsi ziyarət olunub, faciə qurbanlarının xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin mahiyyəti, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı törətdikləri qətliamlar barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, Xocalıda törədilmiş soyqırımı aktı erməni vandalizminin ən qanlı nümunələrindən biridir. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası nəticəsində bu faciə bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb.
Vurğulanıb ki, MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra Xocalı işğaldan azad edilib, Azərbaycan bayrağı bu torpaqlarda yenidən ucaldılıb. Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Xocalı yenidən qurulur, dirçəlir və doğma sakinlərin mərhələli şəkildə öz yurdlarına köçürülməsi həyata keçirilir.
Sonra məktəblilər tərəfindən Xocalıya həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.
Qeyd edək ki, Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə Kəlbəcər rayon 14 nömrəli tam orta məktəbinin şagirdləri “Ana harayı” abidəsini ziyarət ediblər.
