Xəbərlər
"Xocalının qisası alındı..."
Oğuz rayon M.F.Axundov adına Xaçmaz kənd 1 saylı tam orta məktəbində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının və “Xaçmaz məktəbləri” ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə M.F.Axundov adına Xaçmaz kənd 1 saylı tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Vüsal Əlfiyev, YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, tarix müəllimi Zaur Əzizov çıxış ediblər.
Çıxışlarda ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından bəhs olunub. Qeyd edilib ki, Xocalı soyqırımı ilə erməni millətçiləri öz vəhşi simalarını bir daha nümayiş etdirdi. Törədilən faciə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş qanlı cinayətdir.
Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən verildiyi və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü kimi elan olunduğu vurğulanıb.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx təqdim olunub.
Daha sonra məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
