YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sülh və əməkdaşlığın yol xəritəsi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər yalnız ikitərəfli əməkdaşlığın cari vəziyyətini deyil, həm də Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni siyasi və iqtisadi reallıqları əks etdirən mühüm strateji mesaj kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev Tramp-Vens administrasiyasının Azərbaycana nümayiş etdirdiyi müsbət münasibəti xüsusi vurğulayaraq bu yanaşmanın qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq mühitinin formalaşmasında mühüm rol oynadığını qeyd etdi. Altı ay ərzində aparılmış intensiv danışıqlar nəticəsində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki ölkə münasibətlərinin institusional əsaslarının daha da möhkəmləndiyini göstərir. Bu sənəd Vaşinqtonda keçirilmiş tarixi görüşlərin məntiqi davamı olmaqla, əməkdaşlığın uzunmüddətli perspektivlərini müəyyən edən siyasi iradənin ifadəsidir.

Azərbaycan üçün dünyanın ən qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ABŞ administrasiyasının regionda sülh prosesinə verdiyi töhfə artıq real nəticələr doğurmuşdur. Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar, Ağ Evdə paraflanan sənədlər və Sülh haqqında Birgə Bəyannamə regionda uzunmüddətli sabitliyin formalaşması istiqamətində yeni mərhələnin başlanğıcını qoymuşdur. Altı ay ərzində sülh şəraitində yaşamaq təcrübəsi göstərir ki, qarşılıqlı əməkdaşlıq və siyasi dialoq regionun gələcəyini müəyyən edən əsas amildir.

Bəyanatda xüsusi yer tutan məsələlərdən biri də beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat və iqtisadi bağlantı layihələridir. Tramp-Vens administrasiyasının təşəbbüsləri nəticəsində irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin etməklə məhdudlaşmır. Bu layihə eyni zamanda Asiya ilə Avropanı birləşdirən təhlükəsiz və etibarlı logistika dəhlizi kimi regionun geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Azərbaycanın Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırması və enerji təchizatına başlaması isə sülhün iqtisadi əsaslarının formalaşdırıldığını göstərən mühüm addımdır.

Strateji Tərəfdaşlıq Xartiyası əməkdaşlığın yalnız siyasi səviyyədə deyil, enerji, texnologiya, iqtisadi sərmayələr və təhlükəsizlik sahələrində də genişləndirilməsini nəzərdə tutur. Bu gün Azərbaycan təbii qaz ixracı vasitəsilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir ki, onların əksəriyyəti NATO üzvü və ABŞ-ın yaxın müttəfiqləridir. Bu fakt ölkəmizin qlobal enerji təhlükəsizliyi sistemində etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir.

Xartiyada süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlığın ayrıca yer alması isə münasibətlərin gələcəyə yönəldiyini göstərir. ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda süni intellekt mərkəzlərinin yaradılması istiqamətində atılan addımlar ölkəmizin innovasiya və rəqəmsal transformasiya strategiyasına mühüm töhfə verəcəkdir. Bu yanaşma Azərbaycanı yalnız enerji ixracatçısı deyil, həm də texnoloji inkişafın regional mərkəzlərindən birinə çevirməyi hədəfləyir.

Təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, antiterror fəaliyyətinin gücləndirilməsi, kibertəhlükəsizlik və müdafiə sənayesi üzrə yeni istiqamətlərin açılması isə strateji tərəfdaşlığın hərtərəfli xarakter daşıdığını göstərir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq sülhməramlı missiyalara verdiyi töhfələrin yüksək qiymətləndirilməsi ölkəmizin qlobal təhlükəsizlik sistemində etibarlı iştirakçı kimi qəbul edildiyini təsdiqləyir.

Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həm imzalanmış Strateji Xartiya, həm aparılan danışıqların mahiyyəti, həm də tərəflər arasında formalaşan qarşılıqlı etimad baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, regionda sülhün möhkəmlənməsi və iqtisadi inteqrasiyanın genişlənməsi üçün güclü siyasi iradənin mövcud olduğunu nümayiş etdirdi.

Bu gün formalaşan strateji tərəfdaşlıq modeli göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasəti nəticəsində beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional sabitliyin əsas təminatçısı və qlobal əməkdaşlıq platformalarının mühüm iştirakçısı kimi mövqeyini daha da möhkəmləndirir.