Xəbərlər
Uzunmüddətli, dayanıqlı inkişaf prioritetdir
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Ölkə Prezidentinin müşavirədəki çıxışında səsləndirdiyi çağırışlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında, həmçinin dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” çağırışı dövlətin siyasətində insan amilinə böyük dəyərin təsdiqidir. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, vətəndaş məmnunluğunun artırılması həyata keçirilən siyasətin əsasını təşkil edir.
Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizdə ümumi uğurun təminatıdır, həm də sabitliyin, qanunun aliliyinin güclənməsinə xidmət edən vacib amillərdəndir. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə rəqəmsal inkişafdan, bunun üçün qarşıda dayanan vəzifələrdən bəhs edərkən bildirdi ki, dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planını hazırlayaraq təqdim etməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. Dövlət xidmətləri “mygov” üzərindən, yəni vahid mərkəzdən həyata keçirilməlidir: “Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin”.
“Yeni rəqəmsal arxitektura” dövlət idarəçiliyinin bütövlükdə rəqəmsal əsasda yenidən qurulmasını ehtiva edir. Prezident İlham Əliyev vurğuladı ki, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir. Cənab İlham Əliyev Azərbaycanın malik olduğu üstünlüklərdən də geniş bəhs etdi. Vurğuladı ki, bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.
Üstünlüklərimiz sırasında coğrafi vəziyyətimiz, transmilli böyük şirkətlərlə iş təcrübəmiz, enerji generasiya gücümüzün böyük dərəcədə artması, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələrimiz də dayanır. Bu üstünlüklərdən səmərəli istifadə etmək əsas çağırışlardan oldu. Bütün addımlar bir məqsədə xidmət edir-ölkənin dayanıqlı inkişafı təmin edilsin, vəntəndaş məmnunluğu artırılsın.
