Xəbərlər
20 Yanvar müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixidir
İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri
Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideyalarına bağlılığı onun əleyhinə olan düşmən dairələrin maraqlarına toxunduğuna görə onlar xalqı bu yoldan azdırmaq üçün müxtəlif təxribatlardan istifadə edirdilər.
Belə çirkin niyyətlərdən biri də 1990-cı ilin qanlı yanvar hadisəsi idi. Moskva yerli əlaltılarının fəal köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bilmişdi. Noyabrın 17-indən başlanan ümumxalq hərəkatı yanvar ayında daha da alovlanmışdı. Artıq kommunist rejiminə, imperiya əleyhinə etiraz edən xalq hərəkatını boğmaq üçün ən münasib vaxt yetişmişdi. Kreml öz məkrli planını həyata keçirtməkdən ötrü Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika cəmləşdirməyə başladı. Yanvarın 19-da Azərbaycana yeridilən sovet əsgərlərinin sayı artıq 24 min nəfərə çatmışdı. Bakıda fövqəladə vəziyyət haqqında Fərman verilsə də, fövqəladə vəziyyətin başlanması vaxtı gizli saxlanılırdı. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilməmişdi. Yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçov başda olmaqla, sovet rəhbərliyi etirazları yatırmaq üçün orduya Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi.
Bakı qarnizonunun qoşunları, Rusiyadan gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla sadə insanların qurduğu barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan güclü atəşə tuturdular. Qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasındakı projektorların köməyi ilə tapılır və atəşə tutulurdu. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız insanların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyidləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı şəxslərin buraya gətirilməsinə, habelə tibb işçilərinin yaralılara köməyə getməsinə mane olurdular.
20 Yanvar hadisələri Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli hadisələrdən biri idi. Bu, öz hüquq və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini qırmaq, həmçinin sovet hərbi maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş qanlı cinayət idi.
Belə ki, Bakıya sovet ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfər həbs olunmuş, 12 nəfər itkin düşmüşdü. Evlər yandırılmış, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. 200 mənzil, 80 avtomobil (o cümlədən təcili yardım) maşını yandırılmışdı. Yanlışlıqla bir-birini atəşə tutmaq halları ilə əlaqədar 25 nəfər hərbi qulluqçu ölmüş, 283 nəfəri isə yaralanmışdı.
Meydanlarda bunlara qarşı etiraz səsini ucaldan əliyalın xalqa qəfildən amansız divan tutulmuşdu. Lakin, qanına bulaşmış və alçaldılmış xalq bu hadisədə özünün yenilməz əzmkarlığını, mütəşəkilliyini, mətanətini və vətənpərvərlik hissini nümayış etdirə bilmişdi. Həmin gecə Milli Müdafiə şurasının təşəbbüsü ilə əhali şəhərin girəcəyində, Bakı qarnizonunun ətrafında yük, minik maşınlarını, avtobus və troleybusları yan-yana düzərək barrikadalar qurmuşdular. Yollarda 26 maneə yaradılmış, Salyan kazarmasının yolu tam kəsilmişdi. Radikallar adamlara “Silah və kömək gələcəyi” haqqında yalançı vədlər verir, onlara sonacan barrikadaları tərk etməməyi tapşırmışdılar. Onlar da Vətəni müdafiə etməyi özlərnə borc bilirək heç yerə tərpənmirdilər. Azadlıq meydanına toplaşan insanlar Moskvanın və respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəkləri haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar.
Azadlıq meydanındakı adamlar da nə siyasətçi idilər, nə də məmur idilər. Onlar sadə adamlar idi. Vətəni müdafiə etməyi özlərnə borc bilirdilər. Bir növ meydana Vətənin taleyi etibar edilmişdi. Ona görə də Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildi. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifə idi.
Qanlı Yanvar hadisələrindəki Heydər Əliyevin misilsiz rolu daha çox əhəmiyyətlidir. İnkaredilməz həqiqətdir ki, Heydər Əliyev həmişə müxtəlif dövrlərdə tarixi məsuliyyəti üzərinə götürərək, zəruri təşəbbüslərlə çıxış edərək xalq və dövlət qarşısında milli vəzifəsini yerinə yetirməklə hamıya nümunə olub. Bunlardan biri də 1990-cı il 20 yanvar hadisələri zamanı və ondan sonra Heydər Əliyevin xalqın Öndəri kimi qətiyyətli mövqe ortaya qoyması, xalqın taleyini bölüşməsidir. Ən dəhşətli faktlardan biri isə o zaman respublikamıza “rəhbərlik” edən qüvvələrin bu məsələyə biganə qalmaları, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları idi. Həmin qanlı hadisənin ertəsi günü-21 yanvarda həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Heydər Əliyev isə dərhal mətbuat konfransı keçirtdi. Bu ağır günlərdə xalqla birlikdə olduğunu bildirdi. Hadisəni törədənləri cəsarətlə qatil adlandırdı. Xalqa başsağlığı verdi. Hadisənin səbəbini və təşkilatçıların adlarını açıqladı. Sovet rəhbərliyini dünya ictimaiyyəti qarşısında qınadı, onun siyasətini qətiyyətlə pislədi, onun hərəkətlərinə öz kəskin münasibətini bildirdi. Günahkarların cəzalandırılmasını tələb edən bəyanət verdi. Sovet ittifaqında ilk hadisə idi ki, onun rəhbəri açıqcasına beləcə pislənirdi. Beləliklə, təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı...
Mətbuatın rolun qeyd edərkən onu deməliyik ki, Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. Televiziya və radio verlişləri tamamilə kəsilmişdi. Kütləvi informasiya vasitələrinin nəşri dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Kommunist” qəzeti 9 gün çap edilməmiş və faciə haqqında xalqa rəsmi məlumat verilməmişdi. Mətbuat susdurulmuşdu. Azərbaycan dünyadan təcrid edilmişdi.
Milli faciənin miqyası ilə bağlı ilk xəbəri verən “Səhər” qəzeti oldu. İlk dəfə olaraq “Səhər” qəzetində “Vətən bu gün ağı deyir” məqaləsi dərc edildi. Qəzet yanvarın 22-də 2 milyon tirajla çap olunaraq əhaliyə pulsuz paylanıldı. Qəzetdə ölənlərin siyahısı dərc edildi. İngilis və rus dillərinə çap olunaraq dünya mətbuatına çatdırıldı. “Azadlıq” radiosunun direktoru Mirzə Xəzər də ölməkdə olan Azərbaycan xalqına uzaqlardan ümid verdi. Qorbaçovun informasiya blokadasını dağıtdı. Baş verənləri bir-bir, cümlə-cümlə dünyaya çatdırdı. Bir gündə bir əsrə bərabər iş gördü. Kreml ifşa olundu. “Qorbaçov-cinayətkardır”, “Qardaş qırğını” kimi terminlər mətbuatda işlədilməyə başlandı. “Azərbaycan” qəzetində “Vida ərizəsi”–partiyadan çıxmaq haqqında elan verildi. Beləliklə respublikada bir növ ictimai maraq yeniləndi. Dünya mətbuatında “The times”, “The cuardan”, “BBC kanal”, “Los Angeles times”, “The New York”, “Vaşinqton post” qəzetləri hadisələri işıqlandırmağa başladılar. Xalq şairi, deputat Bəxtiyar Vahabzadə radio ilə xalq deputatlarına müraciət etdi və hadisəyə qiymət verilməsini tələb edirdi. Küçələrdə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Divarlarında “Qorbaçov cəlladdır”, “Rədd olsun Sovet İttifaqı Kommunist Partiyası”, “İşğalçılar rədd olub gedin” və s. şüarlar yazılmışdı. Azadlıq meydanında və ayrı-ayrı yerlərdə partiya biletlərindən tonqallar qalanırdı.
20 yanvar insanlara təsirsiz ötmədiyi kimi, qərənfilə də təsirsiz ötmədi. Belə bir gülün taleyi dəyişdi. Qış idi, başqa gül yox idi. Həmin gün heç bir rəsmi göstəriş olmadan 100 minlərlə və kamazlarla gül meydanlara səpildi. Heç bir təmənna güdmədən insanlar öz var-dövlətlərindən, milyonlarından keçirdilər. Bütün şəhər al qan kimi al qırmızı rəngə boyanmışdı. O gecəki qırğının ah naləsi oturmuşdu bu gülün üzərinə. O gecənin səhəri Qərənfil matəm gülünə, qəbirstanlıq gülünə çevrildi. Qürur gülü Qərənfil də şəhid oldu. Şəhid kimi ölümsüzlük zirvəsinə yüksəldi. Artıq indi qərənfilə baxıb zövq almaq olmur, artıq o, hüzn gülüdür, kədər gülüdür, şəhid gülüdür, artıq hüzünlü günlərin simvoludur. Ona baxdıqca adamın qanı qaralır. Daha insanlar qərənfili Rusiya bazarlarına aparmırlar. Daha insanlar o gülün adını körpələrinə qoymurlar.
Həmçinin 20 yanvar hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri oldu. Bu, SSRİ siyasi sisteminin böhranını və Mixail Qorbaçovun yenidənqurma siyasətinin iflasını göstərdi. 20 yanvar hadisəsi həmçinin Azərbaycan xalqının həyatında bir siyasi dönüş mərhələsi oldu. Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeydi-mümkünlüyünü itirdi. Milli haqlarımıza obyektiv yanaşmaya inamını itirdi. Xalq mərkəz ilə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk etdi. Can üstündə olan imperiya qanlı əməlləri ilə xalqın iradəsini qıra bilməmişdi. Xalq nicat yolunu yalnız müstəqillikdə gördü. Bu hadisə sübut etdi ki, suverenliyin yeganə yolu sovet imperiyasından çıxmaq, dövlət müstəqilliyini bərpa etməkdir.
Azərbaycan xalqı Qanlı Yanvardan böyük dərs aldı. Qanlı Yanvara etiraz olaraq mütəşəkkil şəkildə 40 günlük ümumrespublika tətili başlandı. Tətil Sovet imperiyasına yarım milyard rubldan çox iqtisadi ziyan vurdu. Fövqaladə vəziyyətə baxmayaraq bütün Azərbaycan yanvarın 22-də öz şəhidləri ilə vidalaşdı. Şəhər başdan-başa matəm libası geyinmişdi. Respublikada 3 günlük matəm elan olundu. Dəfn mərasimində 2 milyona qədər adam iştirak edirdi. Şəhidlər şəhərin ən uca yerində-Dağüstü parkda dəfn edildilər. Beləliklə, Qanlı Yanvar cinayəti Azərbaycan xalqı üçün təkcə faciə deyil, o, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifə oldu.
Bundan başqa 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. 20 yanvarın nəticəsi 1991-ci ilin 18 oktyabrı oldu. 20 yanvar Azərbaycanın dövlət müstəqilliyinin bərpasında həlledici rol oynadı.
