YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan münasibətləri regional kontekstdə mühüm rol oynayır

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Azərbaycan və Gürcüstan arasında siyasi dialoq ən yüksək səviyyədə aparılır və qarşılıqlı etimada əsaslanır. Dövlət başçılarının və hökumət nümayəndələrinin mütəmadi səfərləri bu münasibətlərin dərinliyini və sabitliyini nümayiş etdirir. Bu cür təmaslar iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaradır və strateji tərəfdaşlığı daha da möhkəmləndirir.

İqtisadi əməkdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin təşviqi və iqtisadi əlaqələrin şaxələndirilməsi iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını gücləndirir. Ötən il ərzində Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 881 milyon ABŞ dolları təşkil edib.

Enerji sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qazının Gürcüstan üzərindən Avropaya nəqli Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr yalnız ikitərəfli deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Bu layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir və Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunu gücləndirir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. 5 milyon ton daşıma gücünə malik Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şərqlə Qərb arasında səmərəli bağlantı yaradaraq regionun tranzit potensialını artırır. Hazırki regional geosiyasi proseslər bu yolun Avropa-Asia istiqaməti üzrə əhəmiyyətini daha da artırıb. Yeni əməkdaşlıq sahəsi olan, Ermənistan-Azərbaycan normallaşma və etimad-quruculuğunun növbəti addımı kimi Ermənistana Azərbaycan neftinin daşınması da məhz, buradan keçir.

Bununla yanaşı, humanitar və mədəni əlaqələr xalqlar arasında dostluq və qarşılıqlı anlayışı daha da gücləndirir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, suverenlik və ərazi bütövlüyü məsələlərində ortaq mövqe nümayiş etdirir.

Regional təhlükəsizlik məsələləri də əməkdaşlığın əsas istiqamətlərindəndir. Müdafiə və təhlükəsizlik sahəsində dialoq qarşılıqlı etimadı artırır və regionda sabitliyin qorunmasına xidmət edir.

Ümumilikdə, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş regional və qlobal kontekstdə mühüm rol oynayır. Bu tərəfdaşlıq modeli sabitlik, inkişaf və qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq region üçün uğurlu nümunə kimi çıxış edir.

DİGƏR Xəbərlər Arxiv