YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

36 il əvvəl Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya bəyan edib

Nigar Məmmədov

Milli Məclisin deputatı

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 1987-ci ildən Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, o vaxtkı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xalqımızın əsəblərini tarıma çəkmişdi. Sovet rəhbərliyi isə gərginliyin qarşısını almaq niyyətində deyildi, əksinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət ssenarisi hazırlanırdı. Belə ki, öz müstəqilliyi uğrunda ayağa qalxan xalqımız SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusunun zorakılığı ilə üzləşdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya, Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan, müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmişdi. Məqsəd xalqın azadlıq və müstəqillik arzularını boğmaq idi.

Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında isə əhaliyə məqsədli şəkildə məlumat verilməmişdi. Bakı şəhərinin komendantı fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı kütləvi insan qırğını törədildikdən sonra açıqladı. Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt başda olmaqla uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Mərkəzi hakimiyyət informasiya blokadasından istifadə edərək əsl həqiqəti ört-basdır etməyə çalışdı. Lakin buna nail ola bilmədi. Belə ki, faciənin ertəsi günü – yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etdi, bu ədalətsizliyə qarşı öz səsini ucaltdı.

Məhz Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.

Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək rəsmi açıqlama tələb etdi. 1990-cı il noyabrında isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. AXC–Müsavat cütlüyü faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu. Prezident İlham Əliyevin də söylədiyi kimi, “o vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir”.

Cənab Prezident Qanlı Yanvar faciəsini xalqımıza qarşı böyük cinayət adlandırıb. Təsadüfi deyil ki, 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində əbədiləşdirilib və Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

36 il əvvəl baş verən 20 Yanvar faciəsi müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatı kimi Azərbaycan tarixinə həkk olunub. Belə ki, bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Məhz 20 Yanvar faciəsi nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. İmperiyanın əsl mahiyyəti açıq şəkildə üzə çıxdı. Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan xalqı öz taleyinin sahibinə çevrildi.

30 ilə yaxın davam edən işğala isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında son qoyuldu. 2020-ci ildə ərazi bütövlüyümüz, 2023-cü ildə isə dövlət suverenliyimizin bərpası ilə Azərbaycan xalqı növbəti dəfə tarix yazdı. Azərbaycanın müstəqilliyi, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin qanı yerdə qalmadı. Artıq bütün ərazilərimizdə Azərbaycanın Üçrəngli Bayrağı dalğalanır.