Xəbərlər
20 Yanvar: xalqımızın yenilməz əzmkarlığını və vətənpərvərlik hissini yaşadan zəfər salnaməsi
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu qanlı hadisə xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. Reallıq budur ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
20 Yanvar faciəsinin məqsədi Azərbaycan xalqının azadlıq istəyini boğmaq, onun susdurmaq idi. Ancaq onlar öz məqsədlərinə nail ola bilmədilər. 20 Yanvar faciəsi xalqımızın milli azadlığına qovuşmasına təkan verdi. Müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqımız azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin xatirəsini əziz tutur, şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Ümummilli Liderin Sərəncamı ilə 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı. Kompleksin açılışı 10 oktyabr 1998-ci il tarixində olmuşdur. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi Məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Ümumxalq Hüzn Günüdür. Bu gün iş günü hesab edilmir.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, onların ailələrinə xüsusi diqqət göstərir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Dövlətimizin başçısının təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Cənab İlham Əliyevin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Bu gün 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən, bi günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından bəhs edirik. Bu Zəfərlərə Vətən oğullarımızın canı, qanı bahasına nail olduq. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən daim gənclərimizin torpaq, Vətən sevgisini xüsusi önə çəkir. “Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq… O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqəti, qayğısı göz qabağındadır. Onların nümunəsində dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirirlər. Şəhidləri unutmağa haqqımız yoxdur. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. İndi işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Bu torpaqlarda genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.
