Xəbərlər
YAP Xaçmaz rayon təşkilatının təsis edilməsinin 33-cu ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının təsis edilməsinin 33 illiyinə həsr edilmiş “YAP müasir və güclü siyasi qüvvədir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Yeni Azərbaycan Partiyasının zəngin, şərəfli və məsuliyyətli yol keçdiyini, siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğunu söyləyib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaqdır.
Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında qeyd edib ki, YAP Xaçmaz rayon təşkilatı partiya tarixində ilk yaranan yerli təşkilatlardan biridir: “Müasir dövlətçiliyin memarı, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə möhkəm siyasi və ideoloji bünövrə formalaşdırmışdır. Ulu Öndərin müəyyənləşdirdiyi strateji yol Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, partiyanın siyasi xətti daha da möhkəmləndirilir, cəmiyyətdə sabitlik və həmrəylik davamlı xarakter daşıyır. Aparılan məqsədyönlü siyasət nəticəsində dövlətimizin iqtisadi gücü əhəmiyyətli dərəcədə artmış, ordu quruculuğuna xüsusi diqqət ayrılıb. Məhz bu siyasi kursun məntiqi nəticəsi olaraq 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanılıb. Bu gün azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı uğurla icra olunur, insanlar doğma yurdlarına qayıdır, genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir”.
Partiya veteranları Nazim Ağayev, Abasyar Heydərov, Sürəyya Əmirova, Ceyhun Süleymanov, Zal Zalov və Aydın Əskərbəyli çıxış edərək YAP-ın yaranma tarixi, formalaşdığı dövrün çətinlikləri, xalqın Ulu Öndərin adı ətrafında birləşərək partiyaya üz tutması və əldə olunan misilsiz nailiyyətlər barədə ətraflı məlumat veriblər.
Daha sonra rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup partiya fəalı fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunub.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
