YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: dövlətçilik dəyərlərinin təcəssümü

Sevinc Hüseynova

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının tarixi taleyini, milli yaddaşını və azadlıq ideallarını özündə əks etdirən mühüm dövlət bayramıdır. Bu əlamətdar gün xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının formalaşması və möhkəmlənməsində xüsusi rol oynayır.

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi milli birliyin institusional əsasını yaratmış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid ideya ətrafında birləşdirmişdir. Tarixən müxtəlif səbəblərdən dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımız üçün bu bayram mənəvi bağların möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qədim və zəngin tarixə malik Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq öz milli-mənəvi dəyərlərini, ana dilini, mədəniyyətini və milli kimliyini qoruyub saxlamışdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir soydaşımız üçün inam, ümid və gələcəyə baxış günüdür. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, onun milli-mənəvi varlığını yaşadan güclü, müstəqil və suveren Azərbaycan dövləti vardır.

Bu bayram dünyanın 70-dən artıq ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı arasında əlaqələrin qurulmasına, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı xaricdə yaşayan soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına və ictimai fəallığın artmasına ciddi təsir göstərmişdir.

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının mərkəzində Azərbaycan dövlətçiliyinə sədaqət, ana dilinə və milli-mənəvi dəyərlərə hörmət dayanır. Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir” fikri bu gün də dünya azərbaycanlıları üçün ideoloji istiqamət rolunu oynayır. Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti dünya azərbaycanlılarının təşkilatlanmasını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan evlərinin yaradılması, Koordinasiya şuralarının formalaşdırılması və Diasporuna Dəstək Fondunun təsis edilməsi bu siyasətin real nəticələridir.

Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik milli birliyimizin sarsılmaz olduğunu bir daha sübut etdi. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdıraraq dezinformasiya və təxribatlara qarşı prinsipial mövqe ortaya qoydular.

2022-ci ildə azad Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı dünya azərbaycanlılarının birliyinin rəmzinə çevrildi. Bu qurultay bir daha göstərdi ki, müstəqil Azərbaycan bu gün bütün dünya azərbaycanlıları üçün güc və cazibə mərkəzidir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, dövlətə sədaqət və qalib xalq olmağın qürurunu özündə birləşdirir. Əminik ki, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşən dünya azərbaycanlıları bundan sonra da Azərbaycanın güclənməsinə və milli maraqlarımızın qorunmasına layiqli töhfələr verəcəklər.