YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal Azərbaycan: Həmrəylik, Dövlətçilik və Milli Kimlik

Tahir Mirkişili

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını, milli birliyi və qlobal miqyasda azərbaycançılıq məfkurəsinin gücünü ifadə edən mühüm ictimai-siyasi hadisədir. Bu günün dövlət bayramı kimi təsis edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycan xalqının tarixi yaddaşını, milli kimliyini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən əlamətdar bir ənənəyə çevrilmişdir.

Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid mənbəyi kimi xüsusi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini və həmrəyliyini milli dövlətçiliyin əsas dayaqlarından biri kimi qiymətləndirərək vurğulayırdı ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən başlıca amil müstəqil, suveren Azərbaycan dövlətidir. Onun fikrincə, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan dövlətçiliyinə, ana dilinə, dininə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri prinsiplərə hörmət üzərində qurulmalı və daim qorunmalıdır. Bu yanaşma azərbaycançılıq məfkurəsinin ideoloji əsasını təşkil edərək diasporun milli varlığının yaşadılmasında mühüm rol oynamışdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi kökləri 1991-ci ilin dekabrına gedib çıxır. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilmiş, bu təşəbbüs qısa müddət sonra Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qanuniləşdirilmişdir. Beləliklə, 31 dekabr bütün dünya azərbaycanlıları üçün rəsmi bayram statusu almışdır. Bu qərar sovet imperiyasının süqutu fonunda milli özünüdərkin güclənməsi və xalqın birliyə can atmasının siyasi ifadəsi idi. Həmrəylik Gününün formalaşmasında Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların 1989–1990-cı illərdə sərhədlərə doğru yürüşü və süni maneələrin dağıdılması mühüm simvolik məna kəsb edir. Uzun illər ayrı düşmüş Şimali və Cənubi Azərbaycanın birləşmək arzusu həmin hadisələrdə açıq şəkildə ifadə olundu və bu proses azərbaycanlıların bir millət olduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi. Həmrəylik Günü məhz bu birləşmək iradəsinin, milli birliyin və tarixi ədalətə inamın rəmzinə çevrildi. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu və təşkilatçısı kimi xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlərə xüsusi önəm verir, onların problemləri ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün strateji tövsiyələr verirdi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir soydaşımız üçün milli qürur və özünüdərk simvoluna çevrilmişdir. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə xaricdə yaşayan azərbaycanlıların milli mənlik şüurunun güclənməsində və diaspor fəaliyyətinin institusional əsaslarının formalaşmasında yeni mərhələnin başlanğıcı oldu. Qurultaydan sonra qəbul edilən qərarlar və yaradılan dövlət qurumları dünya azərbaycanlıları ilə əlaqələrin sistemli şəkildə inkişafına imkan yaratdı. Prezident cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti uğurla davam etdirərək diaspor siyasətini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirmişdir. Dövlət başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına, milli maraqların qorunmasına xüsusi diqqət yetirir.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunması Azərbaycan dövlətinin prioritet vəzifəsidir. Bu siyasi iradə diasporun vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmasına güclü stimul vermişdir. Dünya Azərbaycanlılarının Qurultayları diaspor hərəkatının inkişafında mühüm rol oynamışdır. Xüsusilə 2022-ci ildə azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı tarixi əhəmiyyətə malikdir. Bu qurultay Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Qələbənin, milli birliyin və güclü dövlətçilik iradəsinin parlaq təcəssümü oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu Zəfər müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda formalaşan gənc nəslin tarixi missiyasının nəticəsidir və bundan sonra Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi yaşayacaqdır. Vətən müharibəsi və sonrakı dövrdə dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik misilsiz miqyas almışdır. Xaricdə yaşayan soydaşlarımız müxtəlif ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması, erməni lobbi dairələrinin təxribatlarının ifşası və milli maraqlarımızın müdafiəsi naminə fəal mövqe nümayiş etdirmişlər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu fədakar fəaliyyət Qələbəmizə layiqli töhfə olmuş və “Dəmir yumruq” həm hərbi-siyasi gücün, həm də milli birliyin rəmzinə çevrilmişdir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərə sədaqəti möhkəmləndirən mühüm platformadır. Azərbaycan diasporu yaşadığı ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına, dövlətimizin maraqlarının qorunmasına və milli irsimizin nəsildən-nəslə ötürülməsinə mühüm töhfələr verir. Həmrəylik Günü bu baxımdan yalnız bayram deyil, qlobal miqyasda azərbaycançılıq ideyasının yaşadılması və gücləndirilməsi üçün strateji əhəmiyyət daşıyan milli birlik manifestidir.