Xəbərlər
Əli Həsənov: Prezident İlham Əliyevin məqsədyönlü və müstəqil siyasəti nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə çevrilib
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra həmkarlar hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, həmkarlar ittifaqlarının fəaliyyəti yeni məzmun kəsb etmişdir.
Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyinə həsr olunmuş mərasimdə çıxışında deyib.
Ə.Həsənov bildirib ki, sənayeləşmə dövründə Avropada meydana gəlmiş həmkarlar hərəkatı ötən dövrdə böyük inkişaf yolu keçmiş, insan hüquq və azadlıqlarının, xüsusilə də əmək hüquqlarının qorunması sahəsində mühüm nailiyyətlər qazanmışdır.
Azərbaycanda da həmkarlar təşkilatları XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiya imperiyasının sənaye mərkəzlərində gedən ictimai-siyasi və iqtisadi proseslər, habelə insanların sosial problemlərin həlli məsələsinin aktuallaşdığı bir dövrdə yaranmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində neft hasilatının artması, böyük sənaye müəssisələrinin yaranması nəticəsində Bakı şəhəri sürətli inkişaf dövrünə qədəm qoymuş və qısa zamanda Rusiya imperiyasının əsas iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. Həmin dövrdə dünyanın iqtisadi mərkəzlərində gedən ümumi tendensiyaya uyğun olaraq neft sənayesində çalışan böyük işçi qüvvəsinin əmək hüquqlarının qorunması məsələsi də aktuallaşmışdır. Təsadüfi deyil ki, 1904-cü ildə keçirilmiş Bakı fəhlələrinin ümumi tətili həmin dövrdə Rusiya imperiyasında ən böyük kütləvi etiraz aksiyası kimi tarixə düşmüşdür. 1905-ci ildə ilk həmkarlar təşkilatlarının yaranmasını da bu prosesin məntiqi nəticəsi hesab etmək olar. Sonrakı dövrdə Azərbaycanda həmkarlar hərəkatı əməyin bütün növlərini əhatə edərək işçilərin hüquqlarını müdafiəsi sahəsində nüfuzlu və təsirli bir instituta çevrilmişdir.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra həmkarlar hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, həmkarlar ittifaqlarının fəaliyyəti yeni məzmun kəsb etmişdir. 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev həmişə həmkarlar təşkilatlarına diqqət və qayğı ilə yanaşmış, onların inkişafına böyük önəm vermişdir. Ulu öndər həmkarlar hərəkatını müxtəlif siyasi qüvvələrin təsirindən qorumuş, onların uzun illər ərzində yaradılmış maddi-texniki bazasının dağıdılmasının qarşısını almışdır. Məhz həmin dövrdən başlayaraq həmkarlar ittifaqlarının təşkili, idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırılmış, inzibati amirlik metodlarından imtina edilmiş, demokratik prinsiplərin tətbiqinə başlanmış və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasına hər cür dəstək verilmişdir. 1994-cü ildə “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin müasir və demokratik prinsiplər əsasında tənzimlənməsinin hüquqi bazası formalaşdırılmışdır.
Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, dövlət qulluğu və digər fəaliyyət istiqamətlərini əhatə edən çoxsaylı həmkarlar ittifaqları komitələri və federasiyaları daxildir. Konfederasiyanın ətrafında birləşən sahə həmkarlar ittifaqı üzvlərinin sayı təxminən 2 milyona yaxındır. Bu da Azərbaycan həmkarlar ittifaqlarının ən kütləvi, eyni zamanda mütəşəkkil bir ictimai qüvvə olduğunu göstərir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial tərəfdaşlıq, sosial təminat, əməyin mühafizəsi, əmək hüquqlarının qorunması ilə bağlı ardıcıl və müntəzəm tədbirlər həyata keçirir.
Müstəqillik dövründə AHİK-in beynəlxalq əlaqələri də yaranmış və genişlənmiş, qurum Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuşdur.
İnsan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsədi hesab edən Azərbaycan dövləti müasir dövrdə vətəndaşlarımızın iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna böyük əhəmiyyət verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun yüksəldilməsini vacib hesab edir. İmzalanmış fərman və sərəncamlar, həmçinin həmkarlar təşkilatları sahəsində çalışan işçilərin yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının əyani təzahürüdür. Digər tərəfdən, ölkə qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər işçilərin hüquqlarının daha effektiv qorunması üçün həmkarlar təşkilatlarına yeni imkanlar yaradır.
Sevindirici haldır ki, Azərbaycan həmkarlar təşkilatlarının üzvləri onlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini təqdir edir və dəstəkləyirlər. Təsadüfi deyil ki, AHİK prezident seçkilərində cənab İlham Əliyevin Prezident postuna namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış etmişdir.
Qeyd edim ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və müstəqil siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə çevrilmişdir. Liberal iqtisadi islahatların davam etdirilməsi, investisiyaların təşviqi, məqsədli dövlət proqramlarının reallaşdırılması nəticəsində son 10 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enmiş, respublikada sosial və iqtisadi infrastruktur yenidən qurulmuş, əhalinin rifahı əsaslı şəkildə yüksəlmişdir. 2003-cü ildən bu günə kimi Azərbaycanda minlərlə istehsal müəssisəsi yaradılmış, 1.4 milyon yeni iş yeri açılmışdır. Yeni yaradılmış iş yerlərinin əksəriyyəti özəl sektorun payına düşür. Hesab edirəm ki, bütün bu reallıqları nəzərə alaraq, AHİK əmək prosesinə cəlb olunmuş vətəndaşların iş şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün ardıcıl və məqsədyönlü tədbirləri davam etdirməlidir. Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlıq məsələlərinə diqqəti artırmalı, əməyin təşkili və sosial problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və tətbiq etməlidir.
Əminəm ki, AHİK qarşıdan gələn dövrdə də öz missiyasını uğurla davam etdirəcək və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.