Xəbərlər
Milix Yevdayev: Azərbaycan bütün dünya üçün gözəl tolerantlıq nümunəsidir
Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev din xadimlərinin və dini icma başçılarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix İlhananoviç Yevdayev Azərbaycanda multikulturalizm və konfessiyalararası münasibətlər ənənələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin bu Sərəncamını yüksək qiymətləndirən Milix Yevdayev bildirib ki, Azərbaycanın din xadimlərinin və dini icma başçılarının mükafatlandırılması Azərbaycan hökumətinin milli azlıqlara və dini icmalara dıqqət və qayğısının nəticəsidir. Azərbaycan hökuməti bütün dini konfessiyalar üçün bərabər şərait yaradıb.
Milix Yevdayev qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi var. Ölkədə həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Azərbaycanda antisemitizm əlamətləri heç vaxt müşahidə olunmayıb. Azərbaycan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda müasir tələblərə cavab verən yeni sinaqoq binası inşa edilərək dağ yəhudilərinin ixtiyarına verilib. Yəhudi icmasının Azərbaycan parlamentindəki nümayəndəsi Yevda Abramov artıq üçüncü müddətə xalq deputatı seçilib.
M.Yevdayev bildirib ki, Azərbaycan bütün dünya üçün gözəl tolerantlıq nümunəsidir.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Mutikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyeskopu Aleksandr İşşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, BBMM-nin icraçı direktoru, professor Azad Məmmədov daxil olublar.