Xəbərlər
Strateji tərəfdaşlıq və dostluq əlaqələri
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ilin noyabr ayının 23-də qurulmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən, Azərbaycanın isə Slovakiyada (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildən fəaliyyət göstərir. Əlbəttə ki, Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyəyə çatmasında, hər iki ölkə başçısının əvəzsiz rolu vardır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələr günbəgün inkişaf etməkdədir. Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Təbii ki, bu da münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gəlib. Prezident İlham Əliyev səfər zamanı Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət edib və Morava və Dunay çaylarının qovuşduğu məkanda-Devin qəsrində olub. Bratislavada Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü, həmçinin geniş tərkibdə görüşü baş tutub. Görüş çərçivəsində doğma Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı məsləsi də diqqət mərkəzində olub. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə Prezidenti cənab İlham Əliyev məzmunlu nitqində ölkələrimiz arasındakı hərtərəfli münasibətlərdən və gələcək inkişaf perspektivlərindən bəhs edib. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Azərbaycanın zəngin qaz yataqları bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik.
Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.Qeyd edilməli digər vacib məsələ budur ki, Azərbaycan və Slovakiya hər iki dövlət müstəqil xarici siyasət aparır. Bu isə dövlətlərimizin xarici siyasət kursunda da ortaq nöqtələrinin olduğunu göstərir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin Slovakiya Respublikasına olan mühüm əhəmiyyətli səfəri və səfər çərçivəsində keçirilən görüşlər onu deməyə əsas verir ki, Slovakiya ilə Azərbaycan arasındakı əlaqələr davamlı şəkildə inkişaf edir və əlaqlərimiz daha da güclənir.
