Xəbərlər
“Konstitusiyamızın 30 illik yolu və suverenliyin bərpası”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə “Konstitusiyamızın 30 illik yolu və suverenliyin bərpası” adlı konfrans keçirilib.
Konfransın rəsmi hissəsindən öncə iştirakçılar Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 12 Noyabr - Konstitusiya Günü münasibətilə hazırlanan videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Konstitusiyanın qəbulu müstəqil Azərbaycan dövlətçiliyi tarixində ən mühüm hadisələrdən biridir və bu sənəd Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafın əsasını qoyan, cəmiyyətin siyasi, sosial, mədəni və iqtisadi sahələrində köklü dəyişiklikləri özündə əks etdirən mütərəqqi sənəddir. Əliməmməd Nuriyev Ulu Öndər Heydər Əliyevin “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və onu qoruyub saxlamaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə cəmləməli, dünya təcrübəsindən yararlanmalı və Azərbaycan xalqının tarixi, milli ənənələrini ifadə etməlidir” sözlərini xatırladaraq qeyd edib ki, məhz bu yanaşmanın nəticəsində müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edib, hakimiyyət bölgüsü prinsipini təsbit edib və insan hüquqlarının müdafiəsini dövlətin əsas vəzifəsi kimi müəyyənləşdirib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkə tarixinin ən çətin dövrlərində Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik təlimi və onun tərkib hissəsi olan Konstitusiya müstəqil Azərbaycanın bugünkü uğurlarının və gələcək inkişafının təməlini qoyub.
O vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə dövlət müstəqilliyinin ilk illərində həyata keçirilən əsaslı islahatlar hüquqi, dünyəvi dövlət quruculuğuna yol açdı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya xalqın iradəsini ifadə edən mühüm hüquqi sənəd oldu. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbuluna səs verib. Bəxtiyar Nəbiyev Prezident İlham Əliyevin Ulu Öndərin dövlətçilik irsini layiqincə davam etdirdiyini qeyd edərək vurğulayıb. “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixdə qalacaq. Həmin illərdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi və azərbaycançılıq məfkurəsi formalaşdı. Bu əsaslar bu gün də xalqımıza yol göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri və oktyabrın 15-də Xankəndi də daxil olmaqla bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması nəticəsində ölkəmizin suverenliyi və konstitusion hüquqları tam bərpa edilib”.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu əlamətdar hadisənin siyasi və tarixi əhəmiyyətini daha da artırıb. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi, demokratik və dünyəvi inkişaf yolunu müəyyən edən, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olan əsas qanundur. O vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dövləti öz suverenliyini tam şəkildə bərpa edib, qanunun aliliyinə və sosial ədalətə əsaslanan siyasət həyata keçirir.
Konfransın sonunda bir qrup şəxsə fəxri fərman təqdim edilib.
