MÜSAHİBƏLƏR
Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında vətənpərvərlik, bəşəri ideallara sadiqlik dayanır
- Pərvin xanım, Azərbaycan qadının tariximizdə rolu haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycan qadını zəkası, müdrikliyi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadınları eyni zamanda, tariximizin bütün dövrlərində taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib, ən əsası isə iradəsi, qəhrəmanlıqları, sədaqəti, vəfası ilə dünyaya nümunə olublar.
Xalqımızın adını həmişə ucalarda, yüksəklərdə tutan qəhrəman Azərbaycan qadınları gözəl ana olmaqla yanaşı, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözlərini deyib, adlarını çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazdırıblar. Azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və neçə-neçə fəallıqları, mərdlikləri ilə tariximizi zənginləşdirən qadınlarımız əfsanəyə çevrilərək, Azərbaycan qadınının rəngarəng palitrasını yaradıblar.
Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub, xalqımızın qürur yerinə çevriliblər. Nigar, Həcər, Tomris, Nüşabə, Heyran Nisə Bəyim, Burla xatun qeyrətli qadınlarımızın missiyası bu gün böyük humanizmi, xeyirxahlığı, nəcibliyi ilə XXI əsrın ən görkəmli Azərbaycan xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında davam edir.
- Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müasir Azərbaycan tarixində qadın hərəkatının lideridir. Bu barədə nə deyə bilərsiniz?
- Müasir Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini yazan Mehriban xanım Əliyeva böyük əzmkarlıqla bu məsuliyyətli missiyanın öhdəsindən gəlir. Çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanan birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir.
"Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar". Qadınların roluna yüksək qiymət verən dahi lider Heydər Əliyevin qeyd etdiyi kimi müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirən Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində daim mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalaraq təkcə statusuna görə yox, real əməli ilə ölkəmizin birinci xanımı olduğunu sübuta yetirib. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adlarını ləyaqətlə daşıyan, Ümummilli Liderin xeyirxah, nəcib əməllərini yaşadan Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində da fəaliyyəti misilsizdir.
Milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində gördüyü real əməllər Mehriban xanım Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlərin təcəssümünin ən bariz sübutudur. Müasir dövrdə qadınlarımızın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən Prezidentimiz İlham Əliyev qeyd edir: “Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən, iqtisadi layihələrin iştirakçısı olan qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də müstəqil Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının həyatımızda mövqeyini və simasını müəyyən edir”.
Ölkəmizin birinci xanımı bu gün qadın hərəkatının önündə gedərək beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil edir, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırır, Azərbaycan adlı məmləkətin həqiqətlərini, inkişaf yolunu bəşəriyyətə nişan verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə dünyaya eşitdirir, ölkəmizin ərazi bütövlüyünün zor gücünə pozulması faktını yüksək tribunadan beynəlxalq ictimaiyyətin nəzərinə çatdırır.
"Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün, hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır. Bizim hər bir nailiyyətimizin arxasında Azərbaycan vətəndaşının zəkası, biliyi, bacarığı, istedadı və əməyi durur. Azərbaycan gələcəyə istiqamətlənən dövlətdir. Biz böyük yolun əvvəlindəyik. Müstəqil və dünyəvi dövlət olaraq, tariximizə və köklərimizə sadiq olaraq, mədəniyyətimizi və ənənələrimizi qoruyaraq biz ümumdünya dəyərlərinə, azadlıq, demokratiya, aşkarlıq, dünya birliyinə inteqrasiya yolunu seçmişik" – deyən Birinci vitse-prezidentimizi tez-tez köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında görmək olar. Erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxırlar. Haqlı olaraq onlar öz ümidlərində yanılmırlar. Bu da bir daha Azərbaycanda müasir xeyriyyəçilik hərakatının Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyinin təsdiqidir.
- Bu gün ölkəmizdə pandemiya ilə mübarizənin ön sıralarında gedən Mehriban xanım Əliyevanın təşəbbüsləri və çağırışları xalqımız tərəfindən yüksək dəyərləndirilir…
- Həyatının mənasını Vətəninə və xalqına xidmətdə görən, hər bir azərbaycanlı qadınına nümunə olan ölkəmizin birinci xanımı sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Ümumdünya qlobal böhranına çevrilmiş COVID-19 infeksiyasının ölkələri gözlənilməz bəlaya düçar etdiyi bir dövrdə də ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlarla ilə yanaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm!” - kimi çağırışları ölkə vətəndaşlarında gələcəyə inam, pandemiyadan az itki ilə çıxacağına ümid yaratdı.
Eləcə də, torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması ən müqəddəs arzusu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət ünvanladı, şəhid olan hərbçilərimizin ailə üzvlərinə diqqət və qayğısını əsirgəmədi.
Tutuduğu mövqedən, statusdan asılı olmayaraq hər bir azərbaycanlının taleyinə biganə qalmayan Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınının fədakar, humanist obrazını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan qadınının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir" fikirlərini Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakteri, ictimai fəaliyyəti ilə təsdiq etdi.
Doğma Azərbaycanı, müdrik, mərd və mərhəmətli xalqını hədsiz dərəcədə sevən Mehriban xanım Əliyevanın timsalında mərdlik, sədaqət, ucalıq mücəssəməsi Azərbaycan qadınının obrazı dünyada ləyaqətlə təmsil edilərək bəşəri idealların təntənəsinə xidmət edir.